Sevdiyi qadın üçün hər şeyini satdı, amma o süni intellekt imiş

Braziliyada sevdiyi qadınla görüşmək üçün əşyalarını satan kişi onun süni intellekt vasitəsilə yaradılmış virtual personaj olduğunu öyrənib.

Bu barədə “Hindustan Times” nəşri məlumat yayıb.

Belə ki, Braziliyanın 49 yaşlı hörgü ustası Edimar “Cessika Oliveyra” adlı hesabı izləyib. Virtual qadın videolarında fermadakı həyatından danışıb, Edimar ora gəldiyi təqdirdə ona qayğı göstərəcəyini və maddi təminat verəcəyini vəd edib.

Bu vədlərə inanan Edimar əşyalarını sataraq Maranyan ştatından Belu-Orizonti şəhərinə yola düşüb. Səfər 36 saatdan çox davam etsə də, o, Cessikanı tapa bilməyib. Sonradan məlum olub ki, Cessika real həyatda mövcud deyil və süni intellekt vasitəsilə yaradılmış virtual personajdır.

Pulunu itirən kişi kömək üçün müraciət edib. Sosial xidmətlər ona yemək verib və evinə qayıtmasına kömək göstərib.

Hesabın yaradıcısı Cessikanın süni intellekt vasitəsilə yaradılmış personaj olduğunu təsdiqləyib. Bununla belə, o, Edimarla şəxsən yazışmadığını və onu heç bir yerə dəvət etmədiyini bildirib.