Leytenant hərbi rütbəsində olma müddəti yenidən tənzimlənəcək - Komitə sədri AÇIQLADI

“Bu layihə hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin hesablanmasının dəqiqləşdirilməsini, zabitlərin əlavə təhsilinin və elmi fəaliyyətinin nəzərə alınmasını təmin edir”.

Bunu parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Milli Məclisin bugünkü plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı dedi.

O vurğuladı ki, layihə hərbi qulluqçuların rütbələrdə olma müddətinin tənzimlənməsini təkmilləşdirmək, eləcə də magistratura, rezidentura və doktorantura təhsili, elmi dərəcə alınması ilə bağlı müddəaları qanunvericilikdə nəzərə almaq məqsədi daşıyır:

"Layihəyə əsasən, Silahlı Qüvvələrin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi ilə müvafiq ali təhsil və elmi dərəcə əldə etmiş şəxslərin hərbi rütbədə olma müddətinin bir dəfə olmaqla bir il uzadılması nəzərdə tutulur. Leytenant hərbi rütbəsində olma müddəti yenidən tənzimlənəcək.Təklifə əsasən, beşillik təhsil proqramı üzrə xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün bu müddətin iki il, aviasiya və uçuş heyətində, eləcə də sualtı qayıqlarda xidmət edənlər üçün isə bir il müəyyənləşdirilməsi nəzərdə tutulur".