Vitse-spiker: "Hərbi qulluqçunun gözəl məntiqi də olmalıdır"

“Hərbi qulluqçular fundamental elmlərlə yanaşı, fəlsəfə, ədəbiyyat və dilçilik sahələrində də biliklərə malik olmalıdırlar”.

Bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin plenar iclasında hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Siyavuş Novruzovun magistratura, rezidentura və doktoranturada təhsil alan şəxslərlə bağlı təkliflərinə münasibət bildirən vitse-spiker humanitar elmlərin də hərbçilər üçün əhəmiyyətini vurğulayıb:

“Riyaziyyatdır, fizikadır, kimyadır – bunlar fundamental elmlərdir, məlum məsələdir. Amma hərbi qulluqçunun gözəl məntiqi də olmalıdır axı. Bu məntiq də fəlsəfədir, bunu fəlsəfə verir”.

Ziyafət Əsgərov komitə sədri olduğu dövrdə hərbi hissələrə səfərlərini də xatırladıb:

“Orada ayrıca kitabxana var idi. Bizim əsgərlərimiz, zabitlərimiz orada həm bədii ədəbiyyat, həm fəlsəfə ədəbiyyatı, həm də dilçiliklə bağlı kitablar oxuyurdular. Niyə olmasın ki? Olsun!”.

Vitse-spiker bildirib ki, hərbi qulluqçular peşəkar biliklərlə yanaşı, geniş dünyagörüşünə də malik olmalıdırlar:

“Bizim bugünkü hərbi qulluqçumuz, zabitimiz, leytenantımız hərtərəfli olmalıdır”.