"Qarabağ iqtisadiyyatı 4 , Şərqi Zəngəzur 30 dəfə böyüyüb" – Deputat

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artması, sənaye və kənd təsərrüfatının genişlənməsi, eləcə də tikinti sektorunun böyüməsi Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatındakı rolunu gücləndirir.

Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov bu ərazilərdə əldə olunan nəticələrə dair rəqəmləri açıqlayıb.

Deputatın təqdim etdiyi məlumatlara görə, Qarabağ iqtisadi rayonunda ümumi məhsul buraxılışı 2020-ci ildəki 1 milyard 548 milyon manatdan 6 milyard manat səviyyəsinə yüksəlib. Bu, zəfərdən sonrakı dövrdə region iqtisadiyyatının dördqat böyüməsi deməkdir.

İqtisadi fəallığın artımı ayrı-ayrı sahələrdə də özünü göstərir.

2025-ci ildə Ağdam rayonunda sənaye məhsullarının dəyəri 2024-cü illə müqayisədə 17,4 dəfə artaraq 1 milyard 2 milyon manata çatıb. Kənd təsərrüfatında isə istehsal iki dəfə artıb. Regionda hazırlanan sənaye və qeyri-neft məhsullarının Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiyaya ixrac olunması istehsal imkanlarının xarici bazarlarla əlaqələrinin də genişləndiyini göstərir.

Qarabağda tikinti sektorunun həcmi də əvvəlki dövrlə müqayisədə 10 dəfədən çox artıb. Bərpa və yenidənqurma layihələri bu sahədə iqtisadi aktivliyi artırmaqla yanaşı, yeni iş yerlərinin açılması üçün də imkan yaradır.

Şərqi Zəngəzur iqtisadi rayonunda isə daha yüksək artım göstəricisi qeydə alınıb. Vüqar Bayramovun bildirdiyinə əsasən, 2020-ci ildə burada ümumi məhsul buraxılışı 134 milyon manat olduğu halda, hazırda region iqtisadiyyatının həcmi 4 milyard manatı ötüb. Beləliklə, zəfərdən sonrakı dövrdə iqtisadiyyat təxminən 30 dəfə genişlənib.

İki gün sonra şəhər gününü qeyd edəcək Qubadlının da daxil olduğu Şərqi Zəngəzurda sənaye sektorunun həcmi 100 milyon manata çatıb, kənd təsərrüfatı 170 milyon manatı ötüb. Tikinti sektorunun göstəricisi isə 4 milyard manata yaxınlaşıb.

Bu iqtisadi nəticələrin əldə olunmasında dövlətin maliyyə dəstəyi və ərazilərin bərpası istiqamətində həyata keçirilən proqramlar mühüm yer tutur. Deputat bildirib ki, indiyədək yenidənqurma və bərpa işlərinə dövlət büdcəsindən 26 milyard manat vəsait yönəldilib. Layihələrin Azərbaycanın öz maliyyə imkanları hesabına həyata keçirilməsi ölkənin iqtisadi potensialını nümayiş etdirir.

Vüqar Bayramov, həmçinin “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulduğunu və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışının təmin edildiyini vurğulayıb.

Deputatın qənaətinə görə, azad edilmiş ərazilərdə iqtisadiyyatın bərpası yalnız regional inkişaf baxımından deyil, bütövlükdə ölkə iqtisadiyyatının gücləndirilməsi üçün də əhəmiyyətlidir. Bu torpaqların yeni iqtisadi mərkəzlərə çevrilməsi iqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlılığının artırılmasına xidmət edir.

Pərvin Şakirqızı

Moderator.az/ Redaktor