Deputat: Ermənistan rəhbərliyi praktiki sülhün əhəmiyyətini ciddi dərk etmir

Ermənistan əvvəlcə sülh müqaviləsinin 2031-ci ilə qədər, sonra isə 2027 və 2028-ci illərdə imzalana biləcəyini bəyan etdi. Bu faktın özü bir daha təsdiq edir ki, Ermənistan rəhbərliyi praktiki sülhün əhəmiyyətini ciddi dərk etmir.

Bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin bugünkü plenar iclasında deyib.

O qeyd edib ki, sülh ciddi məsələdir, hansısa siyasi kampaniya aləti deyil:

"Görünür, İrəvan regional sülhü öz daxili siyasi təqviminin girovuna çevirməklə vaxt uzatmağa çalışır. Ona görə Prezident İlham Əliyevin dediyi kimi, indiki Ermənistan rəhbərliyindən sülh göyərçini düzəltmək istəyənlər bir daha görsünlər ki, əsl sülh istəyən tərəf belə ziddiyyətli açıqlamalar verməz. Sülhü ölkə gündəliyinin ən sonuncu təqvim prioriteti əvəz etməz. Sülhü hakimiyyətdə qalmaq üçün siyasi alətə çevirməz.

Buradan görünən mənzərə odur ki, İrəvanda hələ də illüziyalarla yaşayanlar var. Onlar düşünürlər ki, müxtəlif bəhanələrlə vaxt uzatmaqla həm daxili auditoriyanı aldatmaq olar, həm də xarici havadarlarının köməyi ilə hansısa güzəştlərə nail ola bilərlər. Biz heç vaxt, heç kimə güzəşt etmirik. Ermənistan rəhbərliyi də, xalqı da əmin olsun ki, sülh ən çox onlara lazımdır. Biz isə gec-tez istədiyimizə nail olacağıq və heç kim də bizim iradəmizə təsir edə bilməz".

Deputat vurğulayıb ki, ərazi bütövlüyü və suverenliyi Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı bərpa edib:

"Sülhü ilk təklif edən də biz olmuşuq. Sülh müqaviləsinin mətninin müəllifi də bizik. Bugünkü praktiki sülhün təminatçısı da Prezident İlham Əliyevdir. Ermənistan rəhbərliyi geosiyasi konyunkturadan nəticə çıxarmalıdır, xarici havadarlarının verdiyi silahlarla özünü aldatmamalıdır və bilməlidir ki, Azərbaycanın hərbi gücü İkinci Qarabağ müharibəsindəkindən dəfələrlə çoxdur və bu bizim dövlət siyasətimizin ən prioritet istiqamətlərindən biri kimi də qalmaqdadır.

Əgər həqiqətən sülh istəyirlərsə, boş bəyanatlar verməkdən əl çəksinlər, Zəngəzur dəhlizi ilə bağlı üzərlərinə düşənləri vaxtında icra etsinlər və sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı hüquqi addımları atsınlar".