İdeoloji manipulyasiyalara şahidlik edən nəsil - MÖVQE

Bəli, bu gözəl dövlət hər birimizin doğma yurdu-yuvasıdır. Xoşumuza gəlsə də, gəlməsə də, kənardan hamımıza eyni gözlə baxılır. Dövlətin gücü, habelə burada yaşayan xalqların gələcəyə rahat və inamla baxmağına, həmçinin təhlükəsiz bir mühitdə yaşamağına səbəb olan əsas ideoloji amil məhz milli birlik və həmrəylik mühitidir. Sadalananlar mübahisəsiz şəkildə ideoloji məfhumlar kateqoriyasına aiddir. Təsadüfi deyil ki, ötən dövr ərzində şahidlik etdiyimiz bütün təxribat xarakterli manipulyasiyaların strateji təyinatı da məhz ölkəmizdə yaşanan həmrəylik mühitinin sarsıdılması olub. Milli həmrəyliyi hədəf seçmiş tərəflərin əsla xoş niyyəti ola bilməz.

Müasir texnoloji tendensiyaların, habelə qlobal informasiya məkanını işğal etmiş internetin təsiri altında uzun illər ərzində bizi israrla mürəkkəb mövzular ətrafında düşünməkdən çəkindirməklə ünsiyyətimizi sosial şəbəkələrdə bəsit smayliklərin mübadiləsi səviyyəsinə qədər uğurla endiriblər. Əlbəttə ki, bu cür vəziyyətin inkişafı ideoloji dəyərləri təhrif edir və onları qaçılmaz olaraq ucuzlaşdırır. Vəziyyət o səviyyəyə qədər gəlib çatıb ki, hətta “nəzəriyyə” sözünün özü belə əhalinin ictimai şüurunda artıq ikrah hissi ilə əks olunur. İdarəetmə sistemində isə nəzəriyyədən demək olar ki, tamamilə imtina olunub və indi bütün ümidlər süni zəka ilə bağlıdır. Bu səbəbdən də siyasətdə “lüt” emosiyaların hələ də hegemonluq etməsi təəccüblü deyil. Rasional düşüncəni “boğan” qərəzli emosiyaların “oyandırılması” da “kirli” manipulyasiyalarının məhsuludur. Bizə yaxın olan tariximizdə bu cür hallarla dəfələrlə rastlaşmışıq.

Böyük yanlışlığa yol vermərik əgər desək ki, Azərbaycan dövləti və dövlətçiliyi müstəqilliyi əldə edən gündən etibarən müxtəlif ideoloji sui-qəsdlərə məruz qalır. Bəli, məhz “qalır”, çünki onların ardı dayanmır. Təxribatların tonallığı və təzyiq hərarəti dəyişilə bilir, ancaq onların tamamilə sönməsindən təəssüf ki, söhbət belə gedə bilməz. Əksinə, şanlı Qələbəmiz yeni və daha sərt təxribatlar dalğasının yaranmasını təhrik etdi. Müstəqilliyi əldə edən kimi doğma məmləkətimiz müxtəlif qüvvələr tərəfindən hədəfə alındı. Dünyanın bütün aparıcı qüvvələri postsovet ölkələri uğrunda öz geosiyasi mübarizəsini sərt şəkildə hələ də aparır. Unikal coğrafiyaya malik olan və təbii sərvətlərlə zəngin Azərbaycan isə ümumiyyətlə aparılan bu geosiyasi mübarizənin episentrində yerləşir. Napoleon Bonapart demişkən “coğrafiya bizim taleyimizdir.”

Fərq etməz şərq, qərb, cənub və ya şimaldan əsən təxribat küləyinin hər zaman tək bir hədəfi olub: dayanıqlı inkişaf və siyasi sabitliyin ideoloji təminatçısı olan milli həmrəylin zədələnməsi. Odur ki, təxribat küləyinin hansı tərəfdən əsməsindən asılı olmayaraq o, mütləq ki, dövlət və dövlətçilik üçün real təhdid yaradır. Bu sadə siyasi həqiqəti hər bir məsuliyyətli vətəndaş mütləq olaraq bilməli və öz mülahizələrində nəzərə almalıdır. Yalnız ideoloji böhranın və idarə olunmaz xaosun yaşanması mənfur qüvvələrə imkan yarada bilər ki, onlar ölkəni təsir altına sala bilsin və milli sərvətlərimizə sahiblənsin. Bilməyimiz vacib olan həqiqət budur, psevdodemokratik şüarlar arxasında gizlənmiş ideoloji manipulyasiyalar “kirli” təxribatların rəngli təfərrüatlarıdır.

Şahidlik etdiyimiz bəzi ideoloji manipulyasiyaları qısaca yada salaq. Müstəqilliyin ilk kövrək illərində yaşanan ideoloji böhran nəticəsində dövlətimiz vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdır. 1-ci Qarabağ müharibəsindəki məğlubiyyətimiz və 20%-dan artıq ərazilərimizin işğalı isə yaranmış ideoloji böhranı daha da dərinləşdirdi. Məsələ ilə bağlı təxribatçılar tərəfindən istismar olunan emosiyalar sayəsində milli düşüncənin ideoloji məzmunu ümumiyyətlə dalana dirənmişdi.

İdeoloji silkələnmələr beynəlxalq münasibətlər sistemində Azərbaycanın “postsovet ölkə” ştampından qurtarılması prosesində də yaşanmışdır. Sözügedən mərhələdə vətəndaşın ictimai təfəkküründə və ideoloji baxışlarında olduqca mürəkkəb və ziddiyyətli siyasi stereotiplərin formalaşması prosesi yaşanırdı. Sözsüz ki, mövcud proses davamlı olaraq təxribat küləklərinin təsiri altında cərəyan edirdi. Məhz mövcud istiqamətdə aparılan ideoloji manipulyasiyaların nəticəsində həmin dövr üçün nostalji hissləri yaşayan insanlar cəmiyyətimizdə hələdə var. Odur ki, ideoloji mübarizənin mövcud sahəsi də narahatedici istiqamət olaraq qalmaqdadır. Milli kimlik və mədəni identiklik kimi məsələlər ətrafında aparılan qeyri-peşəkar və qərəzli diskussiyalar isə ideoloji mübarizəni daha da dolaşıqlığa salır. Əlbəttə ki, mövcud vəziyyət təxribatçıların ideoloji canfəşanlığını təhrik edir.

Azərbaycanın beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu iştirakçısı kimi təsdiq olunması prosesi isə daha böyük qüvvələrin müqaviməti ilə müşahidə olunurdu. Mövcud mərhələdə doğma məmləkətimizə qarşı istifadə olunan “ikili standartlar” siyasəti vətəndaşların ictimai təfəkküründə beynəlxalq hüquq və dəyərlərə dualist münasibətin formaşamasına səbəb oldu. Sözügedən mərhələdə də mənfur qüvvələr tərəfindən cəmiyyətin ideoloji parçalanması istiqamətində işlər görülürdü. Bunun üçün əsasən amorf məzmunlu “Avropa dəyərləri” və “avrointeqrasiya” kimi demaqogiyadan istifadə olunurdu.

Dövlət və millətimizə qarşı tətbiq olunan ideoloji manipulyasiyaların daha bir istiqaməti insanların ictimai təfəkküründə natamamlıq kompleksinin aşılanması ilə bağlıdır. Belə ki, torpaqlarımızın işğal altında olmasından istifadə edən müəyyən qüvvələr ideoloji müstəvidə çalışırdılar ki, cəmiyyətimizdə natamamlıq kompleksi yayılsın və insanlarımız bu hissə alışsın. Heç şübhəsiz ki, bu cür cəhdlərin hədəfi yenə də ölkədə ideoloji böhranın yaradılmasıdır.

İdeoloji təxribatların ən sevimli istiqaməti məhz insanların inancları və onların dini hissləri ilə manipulyasiyalardır. İdeoloji mübarizənin mövcud cəbhəsi üzrə Azərbaycana qarşı dəfələrlə hücumlar olub və bu çirkli təxribatlar hələ də davam edir. Bu günlərdə müxtəlif bəhanələr adı ilə millət və dövlətimizə qarşı aparılan çirkli kampaniyaya qoşulanların üzünə baxaraq cəmi bir neçə sual vermək istərdik. Ərazisinin 20%-i işğal olunmuş və 1 milyondan artıq qaçqını olan Azərbaycan bütün təzyiq və müqavimətlərə rəğmən beynəlxalq münasibətlər sistemində israrla multikulturalizm ideyalarını təbliğ edəndə niyə susurdunuz? Sevdikləri Avropada multikulturalizm böhranı yaşanan zaman Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini aktiv şəkildə təşviq edəndə niyə susurdunuz? Avropada emiqrantlara qarşı zorakılıq olunanda, Azərbaycan isə bu siyasəti tənqid edəndə niyə susurdunuz? Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycana dünya multikulturzlizminin ünvanlarından biridir deyəndə niyə susurdunuz? Avropada çarşab və saqqal terrorçuluq ilə assosiasiya olunanda niyə susurdunuz? Azərbaycan bütün təzyiqlərə rəğmən İslam Həmrəyliyi Oyunlarını təşkil edəndə hardayıdınız? Prezident İlham Əliyev nüfuzlu beynəlxalq tədbirlər çərçivəsində dünyada tüğyan edən islamofobiyanı heç nədən qorxmadan tənqid edəndə niyə dəstək göstərmədiniz? Dövlət başçısı işğalın nəticəsində dağıdılmış məscidləri və orada donuzların saxlandığını göstərəndə niyə indi nümayiş etdirməyə çalışdığınız emosiyalar yaşanmırdı? Əlbəttə ki, bu cür suallar silsiləsini rahatlıqla davam etdirə bilərik.

Mümkün ola biləcək bütün növ ideoloji manipulyasiyalara şahidlik etmiş Azərbaycan xalqında artıq güclü immunitet formalaşıb. Bizim vətəndaşımız emosiyalara qapanmamağı və doğru nəticələri çıxarmağı gözəl bacarır. Odur ki, növbəti təxribat dalğasında da uğurla çıxacaq millətimiz daha güclü olacaq, milli birlik və həmrəyliyimiz isə üçrəngli bayrağımız kimi əbədi olaraq sarsılmaz qalacaqdır.