Süni İntellekt strategiyasından real dəyərə: Prosesin effektivliyini nələr müəyyən edir?

Son illərdə ölkələr tərəfindən milli Süni İntellekt (Sİ və ya artıq Super Intelligence) strategiyalarının kütləvi formada qəbul olunduğunu müşahidə etməkdəyik. Dünya Bankının məlumatına əsasən 2017-2025-ci illər ərzində 80-dən çox ölkə Sİ strategiyasını qəbul etdiyini göstərir. Stanford Universitetinin 2026-cı il üzrə Sİ indeksi isə bu qlobal tendensiyanın digər mühüm xüsusiyyətini önə çəkir: təkcə 2024-cü ildə qəbul edilmiş milli Sİ strategiyalarının yarıdan çoxu inkişaf etməkdə olan ölkələrin payına düşür.

National AI strategies worldwide by year of adoption. Source: Oxford Insights (2024); AI Index Report (2026)
National AI strategies worldwide by year of adoption. Source: Oxford Insights (2024); AI Index Report (2026)

Lakin bu qlobal davranışın fonunda bir ölkənin Sİ strategiyasına malik olması artıq onun digər ölkələrlə müqayisədə Sİ sahəsində fərqlənməsi və ya potensial olaraq irəlidə olması mənasını daşımır, xüsusilə uzun müddətdə. Burada daha vacib məqam həmin strategiyanın nə qədər effektiv olmasıdır.

Bəs, effektiv strategiya dedikdə nələr nəzərdə tutulur?

Suala cavab vermək üçün mövzu üzrə aparılmış bir neçə elmi tədqiqata, beynəlxalq hesabata və ölkə nümunəsinə nəzər yetirək.

1) 60-dan çox ölkənin milli Sİ strategiyasını ayrı-ayrılıqda təhlil etdikdə onların həm fərqli inkişaf mərhələlərində olduğunu, həm də ölkələrin fərqli strateji yanaşmalar seçdiyini müşahidə edirik. Bir çox ölkə oxşar istiqamətlərə, hədəflərə üstünlük versə də, ölkələrin iqtisadi strukturu, mövcud resursları, institusional imkanları və milli prioritetləri bir-birindən fərqləndiyi üçün onların Sİ üzrə hədəfləri, prioritetləri və inkişaf yolları da eyni deyil.

2) 74 və 56 ölkənin Sİ strategiyası üzrə ayrı-ayrılıqda aparılmış tədqiqatlar göstərir ki, ölkələrin Sİ sahəsində bir sıra ortaq hədəfləri olsa da həmin hədəflərin əhəmiyyətliliyi, strateji prioritetlər və seçdikləri yanaşmalar fərqlilik göstərir. Oxşar nəticəni Dünya Bankının 2026-cı il üçün Dünya İnkişaf Hesabatı da vurğulayır: ölkələr Sİ üzrə bütün istiqamətləri eyni zamanda inkişaf etdirə bilməzlər.

3) Dünya Bankının Sİ-nin effektiv tətbiqi və inkişafı üçün dörd fundamental faktoru – doğru infrastruktur, data, hesablama gücü və sahə üzrə bacarıqların formalaşdırılmasını – mühüm hesab edir. Hesabata əsasən, bu faktorların inkişaf etdirilməsi Sİ-nin mənimsənilməsini və onun innovasiya yaratmaq potensialını əhəmiyyətli dərəcədə sürətləndirə biləcəyini vurğulayır.

4) OECD (İƏİT) mənbələrindən isə 3 ümumi nəticəni əldə etmək olar:

a) Sİ-nin tətbiqi yalnız iri müəssisələri (qurumları) deyil, kiçik və orta müəssisələri də əhatə etməlidir (OECD 1).

b) Sİ-nin real olaraq məhsuldarlığı artırdığını, xərcləri azaltdığını və xidmətlərin keyfiyətini yüksəltdiyini müəyyənləşdirmək üçün bu istiqamətdə görülən işlərin nəticələri mütəmadi olaraq qiymətləndirilməlidir (OECD 2).

c) Əldə olunan nəticələrə əsasən isə strategiya çərçivəsindəki layihələr və proqramlar qiymətləndirilməli, uğurlu olanlar genişləndirilməli, zəif nəticə verənlər isə yenidən işlənməli və ya zərurət olduqda dayanıdırılmalıdır (OECD 3).

5) MIT Sloan Menecment Məktəbinin şirkətləri hədəf alan təhlili göstərir ki, şirkətlər Sİ sahəsində strateji hədəflərini effektiv idarəetmə əsasında apardıqda, uğurlu layihələri genişləndirdikdə, nəticə verməyən layihələri, təşəbbüsləri dəyişdirdikdə və ya dayandırdıqda, təşkilati hazırlığın səviyyəsini yüksəltdikdə, sahəvi bacarıqları inkişaf etdirdikdə və nəticələri mütəmadi olaraq ölçdükdə, həmin qurumlarda Sİ yüksək dəyər yarada bilir (Avqust, 2026).

6) Boston Consulting Group-nun ötən aylarda 60-dan çox ölkədə 20-dən çox sektorda fəaliyyət göstərən qlobal 1 330 şirkət səviyyəsində apardığı araşdırmada da oxşar nəticə əldə edilmişdir. Nəticə ondan ibarətdir ki, Sİ sayəsində böyük dəyər yaradan şirkətlər adətən strateji prioritetlərini daha aydın müəyyən edir, Sİ tətbiqini daha yüksək dəyər yaradan sahələrə istiqamətləndirir və nəticələri sistemli şəkildə ölçürlər (Sentyabr, 2026).

Bu siyahını digər mötəbər mənbələrlə də davam etdirmək olar. Lakin bütün bu mənbələri təhlil etdikdə Sİ strategiyasının effektivliyinə əhəmiyyətli dərəcədə təsir edə biləcək bir neçə ümumi faktoru müəyyən etmək mümkündür.

Strateji uyğunluğun müəyyənləşdirilməsi: Bir ölkə öz resurslarını ən çox dəyər yarada biləcəyi və strateji ehtiyaclarına uyğun sahələrə istiqamətləndirərsə Sİ-dən daha yüksək iqtisadi və ictimai dəyər əldə bilər. Ölkələr standart hədəf olaraq frontier modellərə, Sİ-nin kütləvi mənimsənilməsinə, Sİ üzrə tədqiqat sahəsində liderliyə, yüksək yarımkeçirici istehsalı potensialına və digər hədəflərə eyni zamanda nail olmağa çalışmamalıdır. Bu, resursların qeyri-effektiv paylanmasına və yüksək dəyər yarada biləcək sahələrdə inkişafın ləngiməsinə səbəb ola bilər. Nəticədə, həmin ölkə uzun müddətdə Sİ sahəsində nəinki potensial, həmçinin mövcud inkişaf tempindən də məhrum ola bilər.

Potensialın formalaşdırılması və strateji ardıcıllıq: Ölkələr Sİ vasitəsilə formalaşdırıla biləcək potensialın harada axsadığını dəqiq müəyyən etməlidir. Müəyyən edildikdən sonra növbəti addım isə axsayan tərəfləri inkişaf etdirmək üçün zəruri olan növbəti addımları atmaqdır. Bunlar əsasən keyfiyyətli məlumat bazalarının və müvafiq infrastrukturun yaradılmasını, hesablama imkanlarının genişləndirilməsini, uyğun maliyyələşmə mexanizmlərinin qurulmasını, bacarıqların inkişaf etdirilməsini və idarəetmə potensialının gücləndirilməsini əhatə edir.

Lakin potensialın formalaşdırılmasının özü də kifayət etmir. Əsas məsələ bu istiqamətlərə ayrılan resurslarda strateji ardıcıllığın da gözlənilməsidir. Resursları bütün istiqamətə eyni vaxtda və həcmdə ayırmaq əvəzinə, onlar elə paylana bilər ki, bir istiqamətə edilən resurs investisiyası digər istiqamətlərin də nəticəsinə müsbət təsir edə bilsin.

İcranın təmin edilməsi: Formalaşdırılmış potensialı konkret nəticələrə çevirmək üçün strategiyanın aydın icra mexanizminə malik olması vacibdir. Burada konkret məsul şəxslərin və qurumların, real icra müddətlərinin, ölçülə bilən hədəflərin müəyyən edilməsi, müvafiq resursların (maliyyə, texnologiya, insan resurları və s.) ayrılması, risklərin idarə olunması və icra prosesinin mütəmadi olaraq izlənilməsi əsas rol oynanır.

Sİ-nin mənimsənilməsi : Mənimsənilmə, Sİ üzrə aparılan tədqiqatlardan, bu sahədə həyata keçirilən layihələrdən, texnologiyalardan şirkətlərin, dövlət qurumlarının və işçilərin gündəlik fəaliyyətlərində praktiki olaraq faydalana bilməsidir.

2025-ci ildə OECD ölkələrində fəaliyyət göstərən müəssisələrdə Sİ-dən istifadənin orta statistik göstərici 20.2% olmuşdur. Lakin kiçik müəssisələrdə bu göstərici 17.4%, böyük müəssisələrdə isə 52% idi. Singapurda da oxşar mənzərə müşahidə edildiyindən ölkə bu fərqi aradan qaldırmaq məqsədilə növbəti 3 il ərzində 10 min prioritet müəssisədə Sİ tətbiqini genişləndirməyi hədəfləmişdir.

Bu nümunələr göstərir ki, bir ölkədə Sİ-nin potensialının dayanıqlı iqtisadi və ictimai dəyərə çevrilməsi üçün onun bizneslər və digər istifadəçilər arasında geniş miqyasda mənimsənilməsi vacibdir.

Dəyər yaratmaq: Bir ölkənin yaxşı tərtib olunmuş strategiyası ola bilər, çoxsaylı layihələri həyata keçirə və Sİ-nin geniş istifadəsinə, mənimsənilməsinə də nail ola bilər. Amma məhsuldarlığın artmasında, rəqabətqabiliyyətliliyin güclənməsində, ictimai dəyərin yaradılmasında və iqtisadi dayanıqlılığın artırılmasında real irəliləyişə nail olmaya bilər. Burada əsas məqam Sİ-nin hansı həcmdə istifadə edilməsindən daha çox bu istifadənin nə qədər real dəyər yaratmış olduğudur. Real dəyər o zaman yaranır ki, qurumlar Sİ sayəsində eyni və ya daha az resursla daha çox məhsul və xidmət təqdim edir, xidmətin keyfiyyətini yüksəldir və daha effektiv qərarlar verə bilir.

Qiymətləndirmə və adaptasiya: Bir sıra ölkə nümunələri göstərir ki, bəzi ölkələr hələ də Sİ strategiyasının və ya layihələrinin nəticələrini sistemli şəkildə qiymətləndirmirlər. Qiymətləndirmə aparmadan da hansı proqramın dəyər yaratdığını, hansının inkişaf etdirilməli, hansının isə dayandırılmalı olduğunu müəyyən etmək asan deyil. Bunlar müəyyən edildikdən sonrakı növbəti vacib addım isə nəticələrə uyğun olaraq strategiya və layihələrə lazımi düzəlişlərin edilməsi, onları dəyişən şəraitə uyğun olaraq adaptasiyanın aparılmasıdır.

Qiymətləndirmə və adaptasiya yalnız hesabatlıq üçün deyil, həmçinin resursların daha yüksək dəyər yarada bilən istiqamətlərə yönəldilməsi üçün də vacibdir.

Ümumiləşdirsək, milli Sİ strategiyasının effektivliyi doğru prioritetlərin seçilməsi, uyğun potensialın formalaşdırılması, resursların bölüşdürülməsində strateji ardıcıllığın gözlənilməsi, icranın təmin edilməsi, Sİ-nin geniş miqyasda mənimsənilməsi və nəticələrin real iqtisadi* və ictimai** dəyərə çevrilməsi ilə müəyyən olunur. Yaradılan dəyərin qiymətləndirilməsi və nəticələr əsasında strategiyanın davamlı adaptasiyası isə resursların daha səmərli istifadə edilməsinə imkan verir.

Bu sahədə gələcək rəqabət görülən işlərin sayından daha çox onların yaratmış olduğu ölçüləbilən dəyərdən asılı olacaq. Məhz bu halda ölkə və ya qurum Sİ-nin təqdim etdiyi imkanlardan öz inkişafı üçün mümkün olan ən yüksək faydanı əldə edə bilər.

* İqtisadi dəyər: Məhsuldarlığın artması, xərclərin azalması, biznes və məşğulluq imkanlarının formalaşması.

** İctimai dəyər: Dövlət xidmətlərinin keyfiyyətinin, əlçatanlığının və səmərəliliyinin yüksəlməsi, ictimai rifahın yaxşılaşması və vətəndaş etimadının güclənməsi.