Azərbaycanda süd məhsulları sahəsində fəaliyyət göstərən “Bakı Süd Co” MMC ilə bağlı haqsız rəqabət araşdırması yekunlaşıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 2026-cı il üzrə məlumatında araşdırmanın Azərbaycanda fəaliyyət göstərən “Brandbox” MMC-yə məxsus 2025 0102 və 2026 0290 nömrəli əmtəə nişanlarından istifadə ilə əlaqədar aparıldığı bildirilir. Məsələyə Rəqabət Məcəlləsinin 22.1.3-cü maddəsinin tələblərinin pozulması əlamətləri üzrə baxılıb.
Agentliyin məlumatına əsasən, rəqabət qanunvericiliyinin pozulması halı araşdırma yekunlaşanadək könüllü aradan qaldırılıb. Bu səbəbdən araşdırmaya xitam verilməsi barədə qərar qəbul edilib. Sənəddə “Bakı Süd Co” MMC-yə maliyyə sanksiyası tətbiq olunduğu göstərilmir.
Eyni əmtəə nişanları ilə bağlı “Piroğulları” və “Xudafərin-1” MMC barəsində də araşdırma aparılıb. Həmin iki şirkət üzrə isə rəqabət qanunvericiliyinin pozulması halı müəyyən edilmədiyi üçün araşdırmalara xitam verilib.