ABŞ-nin vitse-prezidenti Cey Di Vens Rusiyanın dizel yanacağı ilə bağlı razılaşma çərçivəsində ABŞ Prezidenti Donald Trampın qərarlarına təsir göstərə biləcəyi ehtimalını istisna edib.
Sfera.az bildirir ki, o, “iHeart”a müsahibəsində bu razılaşmanın amerikalı fermerlərin yanacaq xərclərini azaltmaq imkanı yaratdığını bildirib.
Vensin sözlərinə görə, ABŞ bir çox məsələdə Rusiya ilə fikir ayrılığı yaşasa da, Moskva ilə əməkdaşlıq edə bilər. O qeyd edib ki, tərəflər məsələlərin 50-90 faizində fərqli mövqelərə sahib olsalar belə, əməkdaşlıq mümkündür.
“Əmin edə bilərəm ki, heç kim ABŞ prezidentini istədiyi kimi idarə etmir. O, vəziyyəti kifayət qədər realist qiymətləndirir”, – deyə vitse-prezident respublikaçı senator Tom Tillisin rusların Trampı istədikləri kimi idarə etməsi barədə açıqlamasına cavab olaraq bildirib.
Vens vurğulayıb ki, Moskva əvvəllər də dizel yanacağını, o cümlədən Çinə böyük endirimlə satmaq imkanına malik olub. Bu zaman amerikalı istehlakçılar yüksək yanacaq qiymətləri ilə üzləşiblər. Onun sözlərinə görə, Tramp xərcləri azaltmaq fürsətindən istifadə edib.
Xatırladaq ki, oktyabrın 9-da Ağ Evin rəhbəri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-yə böyük həcmdə dizel yanacağı tədarükü barədə razılıq əldə olunduğunu açıqlayıb. Onun bildirdiyinə görə, Rusiya noyabrda ABŞ-yə 500 min ton, bundan dərhal sonra isə daha 1 milyon ton dizel yanacağı göndərəcək.