“Seçkiqabağı dövrdə yeni hərbi əməliyyatların başlanması ABŞ maraqlarına heç bir halda cavab vermir”
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib.
R.Bayramov İran və İsrail arasında gərginləşən münasibətlərin müharibəyə gedəcək qədər uzanmayacağını düşünür:
“Şübhəsiz ki, son günlər müşahidə olunan hərbi fəallıq İran, ABŞ və İsrail arasındakı qarşıdurmanın yenidən genişmiqyaslı müharibəyə çevrilə biləcəyi ilə bağlı narahatlıqları artırıb. İranın yüksəkvəzifəli hərbi rəsmilərinin olası yeni hücumlara sərt cavab veriləcəyi barədə bəyanatları, İsrail qırıcılarının İran sərhədinə yaxın uçuşları və ABŞ-nin regiondakı hərbi-diplomatik heyətinin sayını azaltması vəziyyətin həssaslığından xəbər verir.
İsrailin onlarla qırıcı təyyarə ilə həyata keçirdiyi uçuşlar rəsmi olaraq hərbi təlim və güc nümayışi kimi təqdim olunsa da, ayrı-ayrı ABŞ rəsmilərinin “İsrail İranın hava hücumundan müdafiə sistemlərini təhrik etmək istəyir” şübhələri əsassız deyil. Çünki belə manevrlər təsadüfi toqquşma riskini artırmaq potensialına malikdir.
İranın təhdidləri də münaqişənin mümkün istiqamətləri barədə müəyyən təsəvvür yaradır. Tehran rəqibin hərbi obyektləri ilə yanaşı, regional rəqəmsal infrastrukturu, məlumat mərkəzlərini və kommunikasiya xətlərini də hədəfə ala biləcəyinə dair xəbərdarlıq edib. Bunu həm İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Möhsen Rzai, həm də Yəhya Rəhim Səfəvi açıq şəkildə dilə gətiriblər.”
Şərhçi qeyd edib ki, həm ABŞ, həm də İsraildə seçkilər öncəsi müharibə aparmaq ehtimalı aşağıdır və bu, hər iki tərəfin zərərinə ola bilər:
“Baş verənlər fonunda ABŞ-nin Yaxın Şərqdəki bəzi hərbi qüvvələrinin yerini dəyişməsi və diplomatik nümayəndəliklərdə işçi sayını azaltması da diqqətçəkən məqamdır. Belə addımlar, adətən, yeni hərbi əməliyyatlara hazırlıq və mümkün İran cavabından ABŞ vətəndaşlarını və hərbçilərini qorumaq məqsədilə atılır.
Seçki amili də nəzərə alınmalıdır. İsraildə oktyabrın 27-nə planlaşdırılan seçkilər və ABŞ-də noyabrda keçiriləcək aralıq seçkiləri siyasi rəhbərliklərin qərarlarına təsir göstərə bilər. Lakin düşünürəm ki, seçkiqabağı dövrdə yeni hərbi əməliyyatların başlanması indi ABŞ-nin maraqlarına heç bir halda cavab vermir. Genişmiqyaslı əməliyyatlar enerji qiymətlərinin yüksəlməsinə, insan itkilərinə və regional qeyri-sabitliyə gətirib çıxara bilər. Ona görə də İsrailin belə bir planı olsa belə, Vaşinqtonun buna icazə verəcəyini düşünmürəm.
Ümumiyyətlə, yeni müharibə ehtimalı real risk olaraq qalır. Əgər danışıqlar nəticə verməzsə, ABŞ-də noyabr seçkilərindən sonra yeni hərbi əməliyyatlar qaçılmaz olacaq.”