Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bir həftə öncə ucuzlaşan yağların yenidən bahalaşmasının səbəblərini açıqlayıb:
“Qiymət artımına təsir edən əsas amillər arasında dünya bazarında bitki yağlarının və süd məhsullarının bahalaşması, idxal xərcləri, logistika və tədarük zəncirindəki dəyişikliklər daha böyük rol oynaya bilər. Azərbaycanda kərə və duru yağların qiymətinə idxaldan asılılıq, manatın məzənnəsi və satıcıların qiymət siyasəti də təsir edir.
Nə qədər ki, dünya bazarında təlatüm var, müharibələr davam edir, bahalaşma davam edəcək. Bahalaşmanın dayanması siyasi hadisələrlə bağlıdır. Əvvəllər bu, qida zəncirinə təsir etmirdi, çünki anbarlarda olan məhsullardan istifadə olunurdu. Neftin də bahalaşması bütün məhsulların qiymətinin artmasına səbəb olur. Logistika, yem, gübrə bahalaşır, nəticədə də kərə və bitki yağları bahalaşır. Bu proses davamlı olacaq.”