Bu rəzalət unudulmayacaq!

Azərbaycan xalqı tarix boyu çətin sınaqlardan keçib. Biz torpaqlarımızın işğal olunduğu dövrləri də gördük, ən gərgin geosiyasi böhranların ortasında da qaldıq. Ermənistanın rəsmi və qeyri-rəsmi platformalarında bizə qarşı nifrət püskürülən illəri yaşadıq. Rusiya ilə münasibətlərin ən gərgin nöqtəyə çatdığı, siyasi təhdidlərin havada uçuşduğu dönəmlərimiz oldu. Lakin tarixin heç bir dönəmində, heç bir düşmən və ya rəqib ölkənin sosial media seqmentində Azərbaycan xalqının, onun müqəddəs dövlət rəmzlərinin və rəhbərliyinin ünvanına bu miqyasda, bu səviyyədə tərbiyəsiz, əxlaqsız və küçə söyüşlərindən ibarət bir kampaniya aparılmamışdı.

Bu gün özünü "qardaş" adlandıran Türkiyənin sosial media seqmentində Azərbaycana qarşı başladılan bu iyrənc hücum, elementar diskussiya mədəniyyətindən məhrum olan küçə adamlarının səviyyəsini belə geridə qoyub. Və ən acınacaqlısı budur ki, bu tərbiyəsizliyi təşkil edənlər, bunun sadəcə sıravi istifadəçilərin emosional reaksiyası olduğunu düşünməyimizi istəyirlər.

Hər şeyi görürük, hər şeyi bilirik!

Əgər Türkiyədə bu kampaniyanın arxasında dayanan ideoloji mərkəzlər elə hesab edirlərsə ki, onlar dəvəquşu kimi başlarını quma soxublar və biz heç nə görmürük – yanılırlar! Azərbaycan dövləti də, onun ictimaiyyəti də hər şeydən xəbərdardır.

Bu sıradan bir sosial media mübahisəsi deyil. Bu, mütəşəkkil, maliyyələşdirilən və idarə olunan bir "troll" müharibəsidir. Biz bu tərbiyəsiz söyüş kampaniyasının hansı siyasi dəhlizlərdə planlaşdırıldığını, bu troll qruplarının kimlər tərəfindən idarə olunduğunu, onlara verilən tezislərin hansı mərkəzlərdən paylandığını və hətta bu troll şəbəkəsinin hansı binalarda əyləşdiyini çox yaxşı bilirik.

Süni şəkildə yaradılan minlərlə saxta profil, eyni anda düyməyə basılmış kimi Azərbaycanın dünyəvi dövlət quruluşunu, onun suveren qərarlarını hədəf alır. Özü də çox tərbiyəsiz şəkildə!

Bu çirkin kampaniyaya start verənlər və buna göz yumanlar əslində Azərbaycan vətəndaşının yaddaşına silinməz bir yara vurduqlarının fərqində deyillər. Azərbaycan xalqı çətin gündə Türkiyənin yanında olmağı özünə şərəf bilən bir xalqdır. Amma bu gün bizə cavab olaraq qaytarılan nədir? Bizə qarşı edilən bu əxlaqsız hücumlar, əslində həmin dairələrin Azərbaycana olan əsl münasibətini və iç üzünü ortaya qoydu.

Öz ölkələrində hər gün dini vəqflərdə uşaq istismarı skandalları, təriqət evlərində baş verən iyrəncliklər ifşa olunan, hüquqi sistemləri xaosa sürüklənən ultra-mühafizəkar dairələr, indi öz çirkinliklərini ört-basdır etmək üçün Azərbaycanı hədəf seçiblər. Elementar əxlaqı olmayan, din pərdəsi altında hər cür pisliyə rəvac verən bu qruplar bizə din, əxlaq və mədəniyyət dərsi keçə bilməzlər!

Bu rəzalət unudulmayacaq!

Əgər bu təxribatın memarları elə zənn edirlərsə ki, bu hadisələr bir neçə gündən sonra unudulub gedəcək, böyük səhv edirlər. Azərbaycan xalqı ona edilən yaxşılığı heç vaxt unutmadığı kimi, onun dövlətinə, milli kimliyinə və rəhbərliyinə edilən bu görünməmiş tərbiyəsizliyi və təhqirləri də heç vaxt unutmayacaq.

Qardaşlıq – digər dövlətin suverenliyinə hörmət etməyi, onun xalqını söyməməyi və söydürməməyi tələb edir. Bu troll şəbəkələrini idarə edənlər öz səviyyələrini dünyaya nümayiş etdirdilər.

Maskalar cırıldı, əsl simalar göründü. Biz kimin kim olduğunu unutmuruq və unutmayacağıq!