Sumqayıt Ağır Cinayətlər Məhkəməsində əmisinin evindən qızıl-zinət əşyaları oğurlamaqda və anasını qətlə yetirməkdə təqsirləndirilən Allahverən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.az-a istinadən, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Əhmədov 13 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, Allahverən Əhmədov əslən Laçın rayonundan olsa da, Ağcabədi rayonunun Taktakörpü qəsəbəsində yaşayıb. Bir müddət əvvəl onun anası Afət Əhmədova atasından boşanıb və Bakı şəhərinə köçüb. Allahverən bir neçə dəfə anasının geri qayıtmasını, atası ilə birgə yaşamalarını xahiş etsə də, Afət hər dəfə bu təklifi rədd edib və sonda Allahverənin telefon zənglərini cavabsız qoyub.
Xocalı şəhərinə işləməyə gedən Allahverən oradan lüləsi kəsilmiş ov tüfəngi tapıb və onu gizli yollarla Ağcabədiyə gətirib. O, həmin silahla anasını qətlə yetirmək qərarına gəlib. Allahverən rayon ərazisində əmisinə məxsus evə gizli yolla daxil olaraq oradan 5 000 manatdan artıq qızıl-zinət əşyaları oğurlayaraq satıb, pulları və silahı götürərək, Bakıya gəlib. O, anası ilə zəngləşib görüşüb, onunla yaşamaq istədiyini deyib. Anası oğlunun sözlərinə inanıb, onu yaşadığı evə dəvət edib. Allahverən Abşeron rayonuna - anasının yaşadığı evə gəlib, ayaqyoluna keçərək, orada silahı hazır vəziyyətə gətirib. Daha sonra qonaq otağına keçib və anasına iki dəfə atəş açaraq onu qətlə yetirib. Hadisə yerindən qaçan Allahverən polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 177.2.3-cü (yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq), 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 228.1-ci (qanunsuz olaraq silah və döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə və digər əməllər) maddələri ilə ittiham irəli sürülüb.