ABŞ-nin Yaxın Şərqdəki hərbi və diplomatik mövcudluğunu azaltmağa başladığı bildirilir. Vaşinqtonun bu addımları regionda gərginliyin artdığı və İrana qarşı mümkün hərbi əməliyyatların müzakirə olunduğu bir vaxtda diqqət çəkir.
NBC News məsələ ilə bağlı məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Telekanalın məlumatında qeyd olunur ki, son günlər ABŞ Silahlı Qüvvələri Qətər, Küveyt və İordaniyada yerləşən bazalarda şəxsi heyətinin sayını mərhələli şəkildə azaldır. Bununla yanaşı, ABŞ Dövlət Departamentinin regiondakı diplomatik nümayəndəliklərdə çalışan əməkdaşların sayının da əlavə olaraq ixtisar edilməsi barədə göstəriş verdiyi bildirilir.
Məlumata əsasən, ABŞ Səudiyyə Ərəbistanında fəaliyyət göstərən diplomatlarının bir qismini də təxliyə edir.
NBC News bu addımları ABŞ Prezidenti Donald Trampın İrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirmək planları ilə əlaqələndirir.
Bununla belə, yayılan məlumatlarda mümkün əməliyyatın dəqiq vaxtı və ABŞ rəhbərliyinin yekun qərarı barədə təsdiqlənmiş təfərrüatlar açıqlanmayıb.