Bakı metrosunda yüksək vəzifəyə təyinatlar

Bakı Metropoliteni QSC-də yeni kadr təyinatları olub.

Oxu.az-a istinadla, Zaur Nağıyev qurumun İdarə Heyəti sədrinin müavini, İlham Axundov və Kənan Cəfərov isə sədrin müşavirləri vəzifələrinə təyin ediliblər.

Zaur Nağıyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə İdarə Heyəti sədrinin müavini təyin olunub.

1982-ci il təvəllüdlü Z.Nağıyev Bakı Dövlət Universitetində hüquqşünaslıq, ADA Universiteti və Maastrixt İdarəçilik Məktəbinin birgə proqramında isə biznesin idarə edilməsi üzrə təhsil alıb. Müxtəlif illərdə BMT təşkilatlarında, SOCAR-da və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də çalışıb. 2022-ci ildən sonuncu qurumun İdarə Heyəti sədrinin müavini olub.

1970-ci il təvəllüdlü İlham Axundov Azərbaycan Texniki Universitetinin məzunudur. O, "Kapital Bank", Azərbaycan Beynəlxalq Bankı, AZAL və digər qurumlarda rəhbər vəzifələrdə çalışıb. 2023-2026-cı illərdə "Azərbaycan Dəmir Yolları" QSC-də sədrin müşaviri olub.

1984-cü il təvəllüdlü Kənan Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit, həmçinin dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb. O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində və "Azərbaycan Dəmir Yolları" QSC-də müxtəlif vəzifələrdə çalışıb. 2024-2026-cı illərdə "Vadi Baku" QSC-nin icraçı direktoru olub.

Qeyd edək ki, təyinatlarla bağlı ilkin məlumatı Ölkə.az yayıb.