Samir Vəliyev: Liderlərin telefon danışığı münasibətləri pozmağa çalışan qüvvələrə cavabdır

“Azərbaycanla Türkiyə dost və qardaş ölkələrdir. Biz ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında bir-birimizə bağlıyıq. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşərək, regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir: "Eyni zamanda, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır".

Deputat bildirib ki, hazırda dünyada, o cümlədən regionumuzda mürəkkəb proseslər davam edir. Yeni dünya nizamının formalaşdığı bir zamanda Azərbaycan xarici siyasət kursunda dost və müttəfiq ölkələrlə əlaqələri daha da gücləndirməkdədir. Təbii ki, bu sırada qardaş və strateji müttəfiq olan Türkiyə ilə münasibətlər xüsusi yer tutur. Lakin müəyyən qüvvələr iki qardaş ölkənin münasibətlərinə zərbə vurmağa çalışırlar. Bir müddət öncə BMT Baş Assambleyasında hadisələrlə bağlı Türkiyənin sosial mediasında Azərbaycan hədəfə alınmışdı. İndi isə Azərbaycan hökuməti tərəfindən ümumtəhsil məktəblərində təhsilalan və təhsilverənlər üçün vahid geyim qaydasının tətbiqi ilə əlaqədar kampaniya başlanıb. Təəssüf doğuran haldır ki, sosial media müəyyən qüvvələr Azərbaycanı hədəfə alıb.

Samir Vəliyev qeyd edib ki, belə bir şəraitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi iki qardaş ölkənin münasibətlərini pozmağa çalışan qüvvələrə cavabdır. Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib. Dövlətimizin başçısı öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. Həmçinin, Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.

“Dövlət başçılarının şəxsi dostluq münasibətləri ölkələrimizin əlaqələrinin inkişafında vacib amillərdən biridir. Unutmamalıyıq ki, iki qardaş ölkənin münasibətlərinin gərginləşməsi yalnız türk dünyasının güclənməsini istəməyən qüvvələrin maraqlarına cavab verir. Bu səbəbdən münasibətlərimizin pozulmasına yönələn cəhdlərin qarşısı hər zaman qətiyyətlə alınmalıdır”, - deyə deputat vurğulayıb.