Paşinyandan Türkiyə-Azərbaycan gərginliyinə reaksiya: “Öz işləridir"

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla Türkiyə arasında münasibətlərin gərginləşməsinin Ermənistan üçün mümkün nəticələri barədə danışmaq istəməyib. O, Bakı və Ankara ilə münasibətlərin İrəvan üçün ayrı-ayrı istiqamətlər olduğunu bildirib.

Ermənistanın baş naziri bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Sputnik Ermənistan” Paşinyandan Azərbaycanla Türkiyə arasındakı gərginliyin Ermənistana necə təsir göstərə biləcəyini soruşub. Həmçinin bu vəziyyətin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını sürətləndirə və ya Bakını İrəvanla sülh sazişini daha tez imzalamağa sövq edə biləcəyi barədə sual ünvanlanıb. Jurnalistlər Paşinyanın daha əvvəl səsləndirdiyi 2031-ci il tarixini də xatırladıblar.

“Bu, onların şəxsi işidir. Bizim Azərbaycan və Türkiyə ilə öz münasibətlərimiz var və bu istiqamətdə işləyəcəyik”, – deyə Ermənistanın baş naziri cavab verib.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində Azərbaycanın müəyyən şərtləri var və hazırda proseslər bu mərhələdədir.

Sərhədin açılmasına nəyin mane olduğu və Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini nəzərə almadan qərar qəbul edib-etməyəcəyi barədə suala cavabında Paşinyan Azərbaycanın sülh sazişi ilə bağlı müəyyən şərtlərinin olduğunu bildirib.