Bunu Palatanın Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda deyib.
Onun sözlərinə görə, qurumun fəaliyyətində kənar dövlət maliyyə nəzarətinin iki əsas komponenti var: "Bunlardan biri audit fəaliyyəti, digəri isə büdcə prosesində iştirakdır. Bu istiqamətlər üzrə fəaliyyətin keyfiyyətinin yüksəldilməsi dövlət maliyyəsinin idarə edilməsinə töhfə baxımından mühüm əhəmiyyət daşıyır. Biz bunu sadəcə bir alət kimi deyil, dövlət maliyyəsinin idarə edilməsinə birbaşa töhfə verən fəaliyyət kimi qiymətləndiririk".
Z. Vəliyev bildirib ki, burada əsas məsələ funksionallığın son məqsədinin nədən ibarət olduğunu anlamaqdır: "Xüsusilə dövlət sektorunda fəaliyyət göstərən qurumların, o cümlədən dövlət maliyyəsi ilə bağlı qurumların bunu dərk etməsi vacibdir. Qısa müddət ərzində artıq 1 000-dən çox dövlət qurumu hesabat təqdim edib. Həmçinin 5 000-dən çox hesabat sistemə daxil edilib və ilkin emaldan keçirilib. Söhbət platformaya daxil olan məlumatların müxtəlif risk göstəriciləri və meyarları əsasında qiymətləndirilməsindən gedir. Bu, ilkin təhlildir".
O qeyd edib ki, inteqrasiya prosesi davam edir: "Hazırda əməkdaşlarımız platformanın inteqrasiyası üzərində işləyirlər. Eyni zamanda, platformanın daha çevik işləməsi istiqamətində də işlər davam etdirilir. Digər məsələ platformanın yeni müstəviyə çıxarılması və maliyyə hesabatlılığı baxımından daha geniş imkanların yaradılmasıdır. Bu məqsədlə qarşıdakı illərdə də inteqrasiyanı davam etdirmək niyyətindəyik. Eyni zamanda, süni intellekt elementlərinin tətbiqi də bu prosesdə mühüm istiqamətlərdən biri olacaq".