Prezident İlham Əliyev 15 may 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra idarəedici təşkilatla (operatorun mülkiyyətində olan infrastruktur obyektlərinə münasibətdə ‒ operatorla) texnoparkın infrastrukturunun icarəsinə dair bağlanılmış müqavilə əsasında texnoparkın ərazisində sahibkarlıq fəaliyyətini (texnoparkın rezidentlərinə mal, iş və xidmətlərin təqdim edilməsini) həyata keçirən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs texnoparkın qeyri-rezidenti hesab olunacaq.
İdarəetmə sazişində başqa qayda nəzərdə tutulmayıbsa, həmin sazişin müddəti bitdikdə, operatorun mülkiyyətində olan infrastruktur obyektləri tərəflərin qarşılıqlı razılığı və ya sazişdə nəzərdə tutulan kompensasiya şərtləri əsasında idarəetmə sazişində müəyyən edilən təhvil-təslim proseduru əsasında, üçüncü şəxslərin hüquqları və yüklülüklər nəzərə alınmaqla, idarəedici təşkilatın mülkiyyətinə verilə bilər. Elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması məqsədilə texnoparkın rezidentinin vəsaiti hesabına qurulan istehsal sahəsi, avadanlıq və qurğular rezidentin mülkiyyəti hesab edilir.