Federasiya prezidenti həbs edildi: Hakimin üzərindən 820 min dollar tapıldı

Yunanıstan Basketbol Federasiyasının prezidenti Vangelis Liolis və danışılmış oyunlar işində təqsirləndirilən bir neçə digər şəxs həbs edilib.

Bu barədə Yunanıstanın “Gazzetta” nəşri yazıb.

FB prezidentindən əlavə, Avroliqanın kemiş hakimi İlias Koromilas və hazırkı hakim Petros Papapetru da nəzarətə alınıb.

Avroliqa hakimi Vaso Tsarouçi, Georgis Mavraqanisin və hazırda federasiyanın Mərkəzi Hakimlər Komitəsinin üzvü olan keçmiş hakim Tasos Piloidisin həbs qərarları da qüvvədə qalır.

Həbs olunan hakimlərdən birinin üzərində aparılan axtarış zamanı polis 820.000 dollar tapıb, onun adı hələ açıqlanmayıb.

“iEidiseis”in qeyd etdiyi kimi, istintaq üç ay davam edib və bir neçə cinayət işinin açılması ilə nəticələnib.

Vangelis Liolis 2021-ci ildən bəri Yunanıstan Basketbol Federasiyasının prezidentidir.

Basketboldan başqa, Liolis uğurlu iş adamıdır – o, “Coffee Island” qəhvəxana şəbəkəsinə sahibdir.