Yunus Abdulov: "Bankların daxilində İslam maliyyəsi ilə mexanizm qurulmalıdır"

Azərbaycanda İslam maliyyəsi sahəsində hüquqi hazırlıq bankların daxilində müvafiq əməliyyat və nəzarət mexanizmlərinin qurulması ilə tamamlanmalıdır.

Bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin icraçı direktoru Yunus Abdulov Bakıda keçirilən III İslam Maliyyə Forumunda bildirib.

O qeyd edib ki, ayrıca uçotun aparılması, vəsaitlərin ayrılması və Şəriət prinsiplərinə uyğunluğun yoxlanılması bu baxımdan mühüm əhəmiyyət daşıyır: "Bunun üçün hüquqşünasların, bank mütəxəssislərinin və Şəriət ekspertlərinin birgə hazırlığına ehtiyac var. Bu hazırlığın müştəri ilə münasibətlərdə əsas nəticəsi etimad olmalıdır. Müştəriyə məhsulun gəlir mexanizmi, öhdəlikləri və riskləri sadə dillə izah edilməlidir. Bu il banklarımızın maliyyə savadlılığı tədbirləri çərçivəsində 3 milyon nəfəri əhatə edən maarifləndirmə işləri görülüb".

Y.Abdulovun sözlərinə görə, bununla yanaşı, müştəri müraciətləri zamanı da effektiv kommunikasiya üçün bank əməkdaşının bunu düzgün izah etməsi məhsulun hazırlanması qədər vacibdir: "Müştərinin etimadı gündəlik əməliyyatlarda doğruldulmalıdır. ABA-nın Alternativ Bankçılıq Şurasının, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin maarifləndirici fəaliyyəti də bu məqsədə xidmət edir. Banklar arasında təcrübə mübadiləsinin genişləndirilməsi, təlimlərin praktik məhsullar üzərində qurulması və rəqəmsal xidmətlərdə şərtlərin aydın təqdim edilməsi faydalı olar. Türkiyə, Malayziya və Körfəz ölkələrinin təcrübəsinin yerli hüquqi və iqtisadi şəraitə uyğunlaşdırılmasını da vacib hesab edirik".

ABA rəsmisi beynəlxalq əməkdaşlığın maliyyələşmə imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətli olduğunu diqqətə çatdırıb: "İslam bankçılığı və kapital bazarı alətləri əlavə maliyyələşmə kanalı yarada, investor dairəsini genişləndirə bilər. İslam İnkişaf Bankı İnstitutu və Beynəlxalq İslam Ticarətin Maliyyələşdirilməsi Korporasiyasının (ITFC) Azərbaycan üzrə hesabatı da ölkəmizin bu sahədə inkişaf imkanlarına diqqət yönəldir. Halal istehsal və ticarətin uyğun maliyyələşmə alətləri ilə dəstəklənməsi isə sahibkarlarımızın regional bazarlara çıxışına töhfə verə bilər".