2026-cı ilin rəqəmlərinə əsasən, hazırda dünyada İslam maliyyəsinin həcmi 6,5 trilyon dollara çatıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı cümə axşamı III İslam Maliyyə Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, cari ildə bu rəqəmin 10%-ə qədər artması, 2030-cu ilə qədər isə 10 trilyon dolları ötəcəyi proqnozlaşdırılır.
“Əsas maliyyə həcminin təxminən 70%-dən çoxu İslam bank sektorunun payına düşür. Bununla yanaşı, digər İslam maliyyə alətləri də sürətlə inkişaf edir. Qlobal miqyasda İslam maliyyəsinin genişlənməsi açıq-aşkar müşahidə olunur. Körfəz ölkələri bu bazarın yarısından çoxunu təmin etsə də, İndoneziya və Malayziya həcm baxımından ikinci mərkəzlər kimi qiymətləndirilir.
Mütəxəssislər qeyd ediblər ki, İslam maliyyəsinin sürətli artımı müasir dünya trendlərinə, xüsusən də ESG prinsiplərinə və "yaşıl" iqtisadiyyata tam uyğundur. İslam maliyyəsinin mahiyyətində dayanan risklərin bölüşdürülməsi, şəffaflıq, inklüzivlik və ədalət prinsipləri süni intellekt inqilabı ilə üst-üstə düşür”,- deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövləti də bu qlobal trendlərə qoşulub.
“Ölkənin sosial-iqtisadi inkişaf strategiyalarında və Mərkəzi Bankın sənədlərində bu məsələlər öz əksini tapıb. Azərbaycan üçün investisiyanın mahiyyətinin dəyişməsi və yeni texnoloji yanaşmalar böyük maraq doğurur”,- deyə o əlavə edib.