“Neftçi” bu futbolçusunu bir milyon avroya satmaqdan imtina edib

“Neftçi”nin braziliyalı futbolçusu Breno Almeydanın komandadakı gələcəyi ilə bağlı yeni məlumat yayılıb.

Yunanıstan mətbuatına istinadən, PAOK 28 yaşlı vingeri transfer etmək niyyətindən vaz keçməyib. Saloniki klubu qış transfer pəncərəsində futbolçunun keçidini reallaşdırmaq üçün yenidən cəhd göstərəcək.

“Neftçi” isə hazırda əsas oyunçularından birini mövsümün ortasında itirmək istəmir. Bakı təmsilçisi çempionluq mübarizəsini nəzərə alaraq Almeydanı ən azı mövsümün sonuna qədər heyətdə saxlamağı planlaşdırır.

Bundan əvvəl “Neftçi”yə Breno üçün 1 milyon avroluq təklif daxil olsa da, klub bu məbləği qəbul etməyib. Daha yüksək maliyyə şərtləri təqdim olunacağı təqdirdə Azərbaycan klubunun mövqeyinin dəyişə biləcəyi bildirilir. PAOK-un yanvarda rəsmi təkliflə çıxış etməyə hazırlaşdığı qeyd olunur.

Breno Almeydanın “Neftçi” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Yunanıstan klubunun transfer yarışında əsas rəqibi isə “Pafos”dur.