Bakıda açıq yağışqəbuledici quyusuna düşərək xəsarət alan qadınla bağlı iş üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi 2 000 manat cərimələnib. Bu barədə Qaynarinfo məlumat yayıb.
Hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanında baş verib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı avtomobildən düşərkən yol kənarındakı açıq yağışqəbuledici quyusuna düşüb. Nəticədə onun sağ baldır sümükləri sınıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi başlanıb. Xətai Rayon Məhkəməsi təqsirləndirilən şəxsə bəraət versə də, dövlət ittihamçısı hökmdən apellyasiya protesti verib.
Protestdə hadisənin yağışqəbuledici quyunun üzərində qoruyucu barmaqlığın olmaması səbəbindən baş verdiyi bildirilib. Məhkəmə-tikinti ekspertizasının rəyinə görə, quyunun barmaqlıqla təchiz edilməməsi hadisənin texniki səbəbi olub.
Bakı Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin bəraət hökmünü ləğv edib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 2 000 manat cərimə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin adı açıqlanmayıb.