İnternet kəsildi, 35 min nəfər öldü

ABŞ mətbuatı milyarder İlon Maskın Ukraynadakı pilotsuz uçuş aparatlarının fəaliyyətinə təsir edən qərarla bağlı yeni iddia yayıb.

“Uoll Strit Jurnal” qəzetinin məlumatına görə, Ukraynada “Starlink” və “Starshield” peyk sistemlərinə tətbiq edilən sürət məhdudiyyətinin göstərişini İlon Mask verib. İddia olunur ki, bu məhdudiyyət Ukrayna istehsalı olan bəzi hücum və müdaxilə dronlarını demək olar ki, fəaliyyətsiz vəziyyətə salıb. Qəzetin yazdığına görə, qərardan sonra Rusiya qüvvələri cəbhənin dörd istiqamətində sürətlə irəliləyib. ABŞ Prezidenti Donald Trampın iddiasına əsasən, bir ay ərzində 35 min hərbçi həlak olub.

Qeyd edək ki, İlon Mask daha əvvəl “Starlink” və “Starshield” sistemlərinə dair qərarların Donald Tramp tərəfindən verildiyini irəli sürsə də, Vaşinqton administrasiyası iddiaları rədd edib. ABŞ dövlət katibi Marko Rubio isə erkən xəbərdarlıq sistemində proqram təminatı ilə bağlı problem yarandığını bildirib.