"Kupça"sı olmayan evlərlə bağlı mühüm açıqlama

Azərbaycanda çıxarışı olmayan daşınmaz əmlakın sığortalanmasını asanlaşdırmaq üçün yeni mexanizmin hazırlanması nəzərdə tutulur.

Bu barədə Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov məlumat verib.

Onun sözlərinə görə, sığorta şirkətlərinin daşınmaz əmlakla bağlı məlumat bazalarına çıxışının təmin edilməsi planlaşdırılır. Bu, əmlakın sığortalanması prosesini asanlaşdıra bilər.

Ramin Cəfərov bildirib ki, qanunvericiliyə əsasən, icbari əmlak sığortası yalnız çıxarışı olan mənzillərə şamil edilmir. Bələdiyyə və icra hakimiyyəti orqanlarının müvafiq sənədləri, eləcə də dövlət qurumlarının alqı-satqı müqavilələri əsasında da əmlakı sığortalamaq mümkündür.