Azərbaycanlı çoban Ermənistana keçib

Ermənistan mediasının yaydığı məlumata görə, Tavuş vilayətinin Berd şəhərində sərhədi pozan azərbaycanlı çoban saxlanılıb.

Yerli icma rəhbərlərindən biri çobanın meşəlik ərazidən, digəri isə Aygedzor kəndi istiqamətindən gəldiyini bildirib. “Sputnik Ermənistan” isə Berd şəhərindəki mənbələrinə istinadən çobanın Çinari kəndi istiqamətindən sərhədi keçdiyini yazıb.

Hadisə zamanı hava dumanlı və yağışlı olub.

Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan hadisə barədə məlumatı olmadığını bildirib. Berd bələdiyyəsi də rəsmi məlumat almadığını açıqlayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti də jurnalistlərin sorğusuna cavabında hadisə barədə məlumatının olmadığını bildirib.

Çobanın şəxsiyyəti və sərhədi hansı şəraitdə keçdiyi hələlik məlum deyil. Azərbaycan tərəfi hadisə ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayev Ermənistanın Sünik vilayətindəki Şəki kəndində saxlanılmışdı.