“Artterapiya: Sağlamlığın və mədəniyyətin keşiyində” layihəsinin Vaşinqton mərhələsi uğurla başa çatdı – FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Artterapiya: Sağlamlığın və mədəniyyətin keşiyində” layihəsinin Vaşinqton mərhələsi uğurla yekunlaşıb.

Azərbaycanın ABŞ-dəki səfirliyinin tərəfdaşlığı ilə reallaşdırılan layihə çərçivəsində milli dekorativ-tətbiqi sənətin tanıdılması, ailə modeli əsasında formalaşmış artterapiya təcrübəsinin beynəlxalq mütəxəssislərə təqdim edilməsi və yeni peşəkar əlaqələrin qurulması istiqamətində bir sıra tədbirlər keçirilib.

Oktyabrın 15-də Amerika Dövlətləri Təşkilatının (OAS) mənzil-qərargahında təşkil olunan “Oil and Icon” sərgi proqramında, oktyabrın 16-da ABŞ–Azərbaycan Ticarət Palatasının (USACC) iştirakı ilə keçirilən Azərbaycan Mədəniyyəti Günündə, eləcə də oktyabrın 18-də Vaşinqtonda baş tutan ənənəvi Türk Festivalında Sərdarlı ailəsinin hazırladığı dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilib. Tədbirlərdə Azərbaycan sənətkarlıq ənənələrinin müasir yaradıcılıqda yaşadılması, tarixi-mədəni yaddaşın qorunması və bu irsin beynəlxalq auditoriyaya çatdırılması məsələləri diqqət mərkəzində olub.

İctimai Birliyin sədri Lalə Sərdarlı və təşkilatın həmtəsisçisi Toğrul Sərdarlı layihə çərçivəsində keçirilən görüş və təqdimatlarda iştirak ediblər. Lalə Sərdarlı Azərbaycan Mədəniyyəti Günündə ailənin artterapiya təcrübəsi, onun birgə yaradıcılıq modelinə çevrilməsi və pandemiya dövründə “Sərdar Sandıq Mücrü Ocağı”nın yaranması barədə məlumat verib.

Vaşinqton proqramı çərçivəsində Smithsonian İnstitutunun tədqiqatçısı Pol Maykl Teylor təqdim olunan sənət nümunələrinə və ailəvi yaradıcılıq təcrübəsinə maraq göstərib. Beynəlxalq səviyyədə tanınan meksikalı heykəltəraş Enrike Kabrera isə “Real TV”yə müsahibəsində Toğrul Sərdarlıya gələcəkdə birgə sənət nümunələri yaratmağı təklif edib. Bu təmaslar gələcək elmi və yaradıcılıq əməkdaşlığı üçün yeni imkanlar yaradıb.

Layihənin digər nəticəsi oktyabrın 19-da “Urud Abidələri” kolleksiyasına daxil olan “Urudun ailə şəfəqi” adlı mücrünün Corc Vaşinqton Universitetinin Muzeyi və Toxuculuq Muzeyinə hədiyyə olaraq təqdim edilməsi olub. Sənət nümunəsini muzey direktorunun xüsusi köməkçisi Ana Kiss qəbul edib.

Layihənin həyata keçirilməsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yanaşı, təşkilati müşayiəti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının göstərdiyi diqqət və Azərbaycanın ABŞ-dəki səfirliyinin tərəfdaşlığı mühüm rol oynayıb.

Vaşinqton mərhələsi Azərbaycan dekorativ-tətbiqi sənətinin beynəlxalq təbliği, artterapiya sahəsində formalaşmış ailə təcrübəsinin mütəxəssislərlə bölüşülməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından yeni imkanlarla yekunlaşıb.