Hikmət Babaoğlu: “İran-Azərbaycan münasibətləri qarşılıqlı suverenliyə hörmət əsasında qurulmalıdır”

“Bu necə dostluq və qardaşlıqdır ki, 35 milyon soydaşımıza öz milli kimliyini dərk etməyə imkan verilmir?”

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

H.Babaoğlu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayinin “dost və qardaş ölkə olduğumuz üçün Azərbaycandakı məktəbli geyimi məsələsinə qarışmamalıyıq” məzmunlu açıqlamasını şərh edib:

“Bəqayi açıqlamasında qeyd edir ki, İran Azərbaycanın daxili işlərinə qarışmır, lakin belə bir bəyanat ən azı simulyativ diplomatiya kimi qiymətləndirilməlidir. Çünki Azərbaycanda vahid məktəbli formasını istismar edən, onu dini-siyasi aksiyaya çevirən məhz İrandır. Bizim İranın təsiri altında olan bəzi vətəndaşlarımız və onların valideynləri İran üslubunda geyinib-bürünərək İran ‘fərmandeh’inə (komandanına) salam göndərdilər. Sual olunur: İran Azərbaycanın daxili işlərinə qarışmırsa, bəs bunu edənlər kimlərdir? Düşünürəm ki, əgər İran həqiqətən daxili işlərimizə qarışmırsa, beyinlərini işğal etdiyi Azərbaycan vətəndaşlarına da mesaj göndərsin ki, biz Azərbaycanla dost və qardaşıq, bizdən artıq əmr gözləməyin. Həmin şəxslərə bundan sonra heç bir din xadimi və ya alim tərəfindən fətva göndərilməməlidir. Din adı altında fars şovinizminə xidmət edən məktəblilərimizin bir qismi məhz İrandan gələn fətvalarla hərəkət edir. Ona görə də Bəqayi belə açıqlamalar verəndə nəzərə almalıdır ki, Azərbaycan cəmiyyəti yüksək idraki keyfiyyətlərə malikdir və daşın haradan gəldiyini çox yaxşı anlayır.”

Deputat qeyd edib ki, dostluqdan danışan İran bu prinsipə əməl etməlidir — məsələn, Zəngəzur dəhlizinin açılmasına mane olmamaqla:

“Dostluq-qardaşlıq məsələsinə gəldikdə isə, biz həqiqətən də İranla dost və qardaş olmağa hazırıq, lakin dostluq və qardaşlıq bərabərlik deməkdir. Bu necə bərabərlikdir ki, İran Zəngəzur dəhlizinin açılmasına imkan vermir? İran işğal dövründə və sonrakı mərhələdə Ermənistana silah göndərir, müxtəlif yardımlar edirdi. Bu necə qardaşlıqdır ki, İrandan hər gün Azərbaycana narkotik daşınır? Bu necə dostluq və qardaşlıqdır ki, İran 35 milyon azərbaycanlının öz dilində təhsil almasına, öz milli kimliyini dərk etməsinə imkan vermir və onları məhrumiyyətdə saxlayır? Deməli, bu nə dostluqdur, nə də qardaşlıq. Əgər bu problemlər aradan qaldırılarsa, o zaman biz gerçekten İranla dost və qardaş ola bilərik, bunun çox böyük potensialı var.”

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Azərbaycanda məktəbli geyimi ilə bağlı müzakirələrə münasibət bildirərək, Azərbaycan xalqının dini əqidəsini qorumaq və məsələləri milli maraqlar çərçivəsində həll etmək iqtidarında olduğunu deyib. O, Bakı ilə Tehran arasındaki dostluq və qardaşlıq münasibətlərinin belə məsələlərin qarşılıqlı anlaşma və hüquqlara hörmət əsasında həllinə imkan verdiyini vurğulayıb.