"Ortaq iztirablar birgə sevinclərdən qat-qat möhkəm körpüdür..." - Alfons de Lamartindən sitatlar

Bu gün fransız yazıçı, şair və siyasətçi Alfons de Lamartinin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Bəzən bircə insan çatışmır və bütün dünya kimsəsiz görünür.

***

Çox səyahət edən, düşüncələrinin və həyatının axarını iyirmi dəfə dəyişən insandan daha yetkini yoxdur.

***

Sevilmək xatirinə sevmək insani, sadəcə sevmək xatirinə sevmək isə mələklərə məxsus bir duyğudur.

***

Xalqın nümayəndələrini gördükcə köpəklərimə daha çox heyran oluram.

***

Tarix hər şeyi, hətta gələcəyi belə öyrədir.

***

Tanrısız vicdan hakimsiz məhkəməyə bənzəyir.

Qadının gücü zərifliyə bürünəndə ən təsirli həddinə çatır.

***

Musiqi qəlbin ədəbiyyatıdır; o, sözün bitdiyi yerdən başlayır.

***

Qoy bu ötəri andan zövq alaq. İnsanın sığınacaq limanı, zamanın isə sahili yoxdur; o, sürətlə axıb gedir və bizi də özü ilə aparır.

***

Vəhşilik sivilizasiyanın ifrat həddə çatması ilə yenidən baş qaldırır.

***

Biri heyvanlar, digəri isə insanlar üçün olan iki ayrı qəlbimiz ola bilməz. Birincilərə qarşı qəddarlıqla ikincilərə qarşı amansızlıq arasında qurbandan savayı heç bir fərq yoxdur.

***

Qadınlarda bizi cəlb edən zahiri görünüş deyil, qəlbin məziyyətləri olmalıdır; çünki birincilər keçici, ikincilər isə qalıcıdır. Sevimli qadınlar da qızılgül kimidir, gözəlliklərini itirdikdən çox sonra belə ətirlərini qoruyub saxlayarlar.

***

Əgər insanın dünyaya bircə baxışlıq ömrü olsaydı, o baxışı İstanbula yetirməli idi.

***

Təbiətcə məhdud, arzularında isə sonsuz olan insan səmanı xatırlayan süqut etmiş bir Tanrıdır.

***

Mübahisə məntiqli olduğu qədər nəzakətli də olmalıdır.

***

Kədər iki qəlbi xoşbəxtlikdən daha sıx tellərlə bağlayır; ortaq iztirablar birgə sevinclərdən qat-qat möhkəm körpüdür.

Sevgi hər bir qəlbin tilsimli dan yeridir.

***

Ən təsirli cilvə günahsızlıqdır.

***

Sevinc yalnız ünsiyyətlə canlı qalan bir alovdur, paylanılmadıqda isə sönüb gedər.

***

Bizim heyvanlar üçün ayrı, insanlar üçün ayrı iki ürəyimiz yoxdur; bizim ya bircə ürəyimiz var, ya da heç yoxdur.

***

Utopiyalar çox vaxt vaxtından əvvəl dilə gətirilmiş həqiqətlərdir.

Tanrı qadınların dühasını onların qəlbinə yerləşdirmişdir, çünki bu dühanın bəhrələri hər zaman sevgi əsərləridir.

***

Həqiqi sevgi bütöv bir ömrün yetişmiş meyvəsidir.

***

Poeziya bütün əsrlər boyu bəşəriyyətin himayədar mələyi olmuşdur.

***

Təcrübə müdriklərin yeganə öncəgörməsidir.

Türk dilindən tərcümə etdi: Aydan Ağayeva