Azərbaycana NCTS və etibarlı tərəfdaş statusunu tətbiq etmək təklif olunub

Azərbaycana elektron ticarət haqqında yeni qanunvericilik hazırlamaq, bazarın vicdanlı iştirakçıları üçün "etibarlı tərəfdaş" statusunu, Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) tranzit sistemini tətbiq etmək və aksiz vergitutmasını beynəlxalq təcrübəyə uyğunlaşdırmaq təklif edilir.

Bu təşəbbüsləri beynəlxalq ticarət və Ümumdünya Ticarət Təşkilatı məsələləri üzrə baş ekspert Marius Bordalba Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda təqdim edib.

Onun sözlərinə görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Azərbaycan hökumətinə ticarət, Ümumdünya Ticarət Təşkilatına üzvlük üzrə danışıqlar, keyfiyyət infrastrukturunun inkişafı və rəqəmsallaşma sahəsində dəstək layihəsi 2026-cı ilin yanvarında başlayıb və 2027-ci ilin dekabrınadək davam edəcək.

M.Bordalba bildirib ki, layihə üç əsas istiqaməti əhatə edir: "Ticarət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi, keyfiyyət infrastrukturunun inkişafı və rəqəmsal transformasiya. İkinci istiqamətə standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, metrologiya və bazara nəzarət daxildir. Hazırda layihə ekspertləri Azərbaycanın İqtisadiyyat Nazirliyinə elektron ticarətin normativ-hüquqi bazasını qiymətləndirməkdə, mövcud boşluqları aşkar etməkdə və yeni qanunvericiliyin işlənib hazırlanması zərurətini müəyyənləşdirməkdə kömək edirlər".

O qeyd edib ki, bu işə onlayn platformaların, elektron kommersiya şirkətlərinin, bankların, ödəniş və fintex şirkətlərinin, kuryer və logistika operatorlarının, eləcə də istehlakçıların hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələri cəlb olunub: "Fəaliyyətimizin uğurla həyata keçirilməsi üçün özəl sektorun iştirakı və fəal şəkildə cəlb olunması son dərəcə vacibdir. Diaqnoz qoymaq üçün biz real vəziyyəti anlamalıyıq".

Onun fikrincə, keyfiyyət infrastrukturu sahəsində layihə vahid milli konsepsiyanın, həmçinin 2036-cı ilədək standartlaşdırma, akkreditasiya və metrologiya sahəsində strategiyaların hazırlanmasını nəzərdə tutur: "Bazara nəzarət sisteminin modernləşdirilməsi və yeni milli standartların tətbiqi də planlaşdırılır".

M.Bordalba həmçinin bildirib ki, layihə Azərbaycanın Dövlət Gömrük Komitəsinə ölkənin Ümumi Tranzit Proseduruna dair Konvensiyaya qoşulması işində dəstək göstərir.