Həkəri çayından Mehri dağ silsiləsinə qədər uzanan Zəngilan rayonu Azərbaycanın ən füsunkar guşələrindən biridir. Vaxtilə geniş Zəngəzur bölgəsinin bir parçası olan Zəngilan 20 əsrdə dəfələrlə parçalanıb və inzibati ərazi vahidi kimi yenidən təşkil edilib.
Bolşevik Rusiyasının təkidi ilə Zəngəzurun çox mühüm bir hissəsinin Özləri tərəfindən yaradılmış Ermənistana verilməsi ilə kifayətlənməyən ermənilər 1993-cü ilin oktyabr ayında Zəngilanı da işğal etmişdilər. 67 gün tam mühasirə şəraitində vuruşan zəngilanlılar bu döyüşlərdə 235 nəfər şəhid vermişdilər. Artıq müqavimət göstərməyin mümkün olmadığı zaman onlar Araz çayını keçərək İran İslam Respublikasının ərazisi ilə Azərbaycana qayıtmış və bütün işğal dövründə ölkənin 43 rayonunda müvəqqəti məskunlaşmışdılar. Hər qarışı mədəni-tarixi abidələrimizlə və təbii ehtiyatlarla zəngin olan rayon 27 il ərzində erməni işğalçıları tərəfindən vəhşicəsinə qarət olunub. Lakin Zəngilan əhalisi o müqəddəs torpaqlara qayıtmaq ümidini heç zaman itirməyiblər.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin alovu qısa bir zamanda Zəngilan rayonunun inzibati hüdudlarına da çatdı və oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyatlar başlandı. əməliyyatın ilk günlərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini xalqa elan etdi. Döyüş bölgəsində müzəffər yürüşünü davam etdirən ordumuz daha sonra Zəngilan şəhərini, rayonun 4 qəsəbəsini və 49 kəndi işğaldan azad etdi və qədim Zəngilan öz azadlığına qovuşdu. Uzun illər işğal altında qalmış 132 kilometr uzunluğunda Azərbaycan – İran sərhədi tam şəkildə bərpa edildi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi Zəfər tariximizə yazıldı. Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 6974 hərbi qulluqçumuz “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olundu.
Dövlət başçısı tərəfindən elan olunmuş “Böyük Qayıdış” layihəsinin ilk addımları da məhz Zəngilandan başladı. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanan və dünyada mövcud olan əən yüksək standartlara cavab verən ilk ağıllı kəndin salınması da Zəngilanda baş tutdu. Keçən qısa müddət ərzində Zəngilan şəhərinə və bərpa olunmuş kəndlərə 497 ailədən ibarət 2259 nəfər öz doğma torpaqlarına qayıdaraq məskunlaşıb. Yenidən məskunlaşdırılmış ərazilərdə sakinlər üçün evlər, yol-nəqliyyat infrastrukturu, elektrik və təbii qaz təminatı, sosial infrastruktur obyektləri və yeni yaradılan iş yerləri elmin və texnologiyanın son nailiyyətlərinə əsaslanan standartlar çərçivəsində inşa edilib.
Zəngilan öz coğrafi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyan bölgə olaraq mühüm nəqliyyat qovşağının mərkəzində yerləşir. Qısa bir zamanda Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından olduqca böyük əhəmiyyətə malikdir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul etmək imkanına malikdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verir. Yaxın gələcəkdə bu hava limanının Zəngəzur dəhlizinin infrastrukturu ilə gücləndirilməsi və vahid bir sistemə çevrilməsi ölkəmiz üçün çox mühüm hərbi-strateji əhəmiyyət kəsb edir.
Ümumi uzunluğu 126.3 kilometr olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun da bu ərazidə inşası həm azad edilmiş torpaqlara soydaşlarımızın gediş – gəlişini təmin etmək və həm də illik həcmi 15 milyon ton nəzərdə tutulan yükdaşımaların təşkili üçün böyük perspektivlər açır.
Böyük Qayıdış Layihəsinin reallaşdırılması ilə yenidən həyata qayıdan Zəngilan rayonu böyük turizm potensialına malikdir. Turizm sənayesinin inkişaf etdirilməsi məqsədilə tikilən otellər, yaradılan mədəniyyət və istirahət mərkəzləri təkcə daxili turizm üçün deyil, eyni zamanda xarici ölkələrdən turistlərin cəlb edilməsinə şərait yaradır.
Zəngilan tarixən həm də kənd təsərrüfatının inkişaf etdirildiyi bölgələrimizdən biridir. Rayonun bütün potensialının tam şəkildə iqtisadi dövriyyəyə cəlb olunması məqsədilə Zəngilanda iri maliyyə tutumuna malik olan “Dost Aqropark” kənd təsərrüfatı layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətləri tərəfindən birgə yaradılan bu müəssisədə 500 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Bütün bunlar Zəngilanda həyata keçirilən yenidənqurma işlərinin tam mənzərəsi deyil. Zəngilanın tikilməsi, abadlaşdırılması və sakinlər üçün layiqli həyat şəraitinin yaradılması üçün dövlət öz səylərini durmadan davam etdirir. Yaxın illərdə Zəngilanın ölkəmizin ən çox inkişaf etmiş bölgələrdən birinə çevriləcəyi şübhəsizdir.