Türkiyənin İstanbul şəhərində minlərlə insan qiymətlərin artmasına etiraz olaraq və sosial ədalət tələbi ilə kütləvi nümayiş keçirib.
"Cumhuriyet" qəzetinə istinadən, həmkarlar ittifaqları və ictimai birliklərin təşkilatçılığı ilə baş tutan etiraz aksiyası meqapolisin Asiya hissəsində keçirilib.
Aksiya iştirakçıları əllərində "İş, Çörək, Azadlıq" şüarları yazılmış plakatlar qaldırıblar.
Etirazçılardan Fatih Kurt ANKA xəbər agentliyinə açıqlamasında dolanışıq çətinliklərindən şikayətlənib:
"Dolanışığımızı təmin etmək üçün çətinliklə kifayət edəcək qədər pul qazanırıq. Biz ləyaqətlə yaşamaq istəyirik".
Qeyd edək ki, rəsmi statistikaya əsasən, Türkiyədə illik inflyasiya təxminən 30 faiz təşkil edir. Lakin müstəqil tədqiqat qrupu "ENAG" oktyabr ayı etibarilə real inflyasiya səviyyəsini təxminən 45 faiz olaraq qiymətləndirib.