Azərbaycan Respublikasının Prezident Administrasiyasının sabiq rəhbəri, dövlətə xəyanəti məhkəmə hökmü ilə isbatlanan Ramiz Mehdiyev AXCP sədri Əli Kərimlinin işi üzrə ifadə verib. İfadəsində evindən çıxan 17 milyon manatdan danışan Ramiz Mehdiyev, həmin pulları “alın təri” ilə qazandığını bildirib. Sabiq Aparat rəhbəri iddia edib ki, bu pullar çoxillik əməyin nəticəsidir və bir neçə on il ərzində yığılıb:
“1957-ci ildən işləyirəm. O pulları öz zəhmətimlə yığmışam”.
Şübhəsiz, Ramiz Mehdiyevin bu açıqlaması ona ünvanlanan suala cavabdan daha çox xalqı, məhkəməni ələ salmağa xidmət edir. Çünki məntiq və riyaziyyatdan az-çox başı çıxan hər kəs anlayır ki, adi əmək haqqı ilə bunca sərəvətə nail olmaq üçün nəinki 68 il, hətta 168 il də kifayət deyil. Ramiz Mehdiyevin 1957-2025-ci illər tarixində haralarda, hansı əmək haqqına işlədiyi hər kəsə məlumdur və sabiq məmur bu müddət ərzində həmin pulların bir qəpiyinə dəyməsəydi belə yenə də 17 milyonluq sərvət ortaya qoya bilməzdi.
Bundan başqa, cinayət yolu ilə əldə edilərək leqallaşdırılan 17 milyon manat Ramiz Mehdiyevin malik olduğu sərvətin yalnız bir hissəsidir. Bura sabiq məmurun sahib olduğu saysız-hesabsız villaları, torpaq sahələrini, müxtəlif təyinatlı obyektləri, lüks həyat tərzini də əlavə etsək, Ramiz Mehdiyevin malik olduğu imperiyanın maddi gücünün 17 milyondan əhəmiyyətli dərəcədə çox olduğu aydın olar. Bu isə o deməkdir ki, keçmiş Aparat rəhbərinin sahib olduğu milyonları əmək haqqı adı ilə əsaslandırmaq cəhdi absurddur və özündə zərrə qədər də olsun həqiqət ehtiva etmir.
Həmçinin, həmin pulların zəhmətlə əldə edildiyini iddia etmək, məhkəmənin çıxardığı hökmün ədalətini şübhə altına almaq, bu hökmün doğruluğuna açıq inamsızlıq deməkdir. Məhkəmənin isə Ramiz Mehdiyevlə bağlı məsələdə ədalətli qərar çıxardığı, həmin pulların təyinatı ilə haqlı mövqe sərgilədiyi birmənalıdır. İctimai rəyin məlum məhkəmə hökmünü dəstəkləməsi xalqın bu məsələdə məhkəməyə olan inamından xəbər verir.
Xatırladaq ki, Ramiz Mehdiyev 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, yaşı və xəstəliyi nəzərə alınaraq cəzası şərti hesab olunub.