İtaliyanın Baş naziri Corcia Meloni Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətində Ukrayna qüvvələrinin Liviyanın Benqazi limanında Rusiya gəmilərinə endirdiyi zərbədən sonra Kiyevin addımlarından "həqiqətən bezdiyini" bildirib.
İtaliyanın "Corriere della Sera" qəzetinə istinadən, Melonini qəzəbləndirən əsas məqam Kiyevin bu əməliyyat barədə Romaya əvvəlcədən məlumat verməməsi olub.
Belə ki, Zelenski bu cür addımların tərəfdaşlarla koordinasiya edildiyini açıq şəkildə bəyan etsə də, İtaliya rəsmiləri əməliyyatdan öncə heç bir bildiriş almayıblar. Baş nazir telefon danışığı zamanı narazılığını birbaşa Ukrayna liderinin diqqətinə çatdırıb.
Rəsmi Roma sözügedən hücumun İtaliyanın Aralıq dənizindəki təhlükəsizliyi və strateji maraqları üçün ciddi fəsadlar törədə biləcəyindən ehtiyatlanır. İtaliya hökuməti Rusiyanın cavab tədbirlərini, regionda fəaliyyət göstərən İtaliya şirkətlərinə, o cümlədən "Eni" enerji nəhənginə təzyiqlərin artmasını və miqrasiya axınının güclənməsini istisna etmir.
Hadisə İtaliyanın daxili siyasətində də gərginliyə yol açıb. Müxalifət hökuməti Ukraynaya göstərdiyi dəstəyə görə tənqid atəşinə tutub, Baş nazirin müavini Matteo Salvini isə Dəniz Təhlükəsizliyi Komitəsinin təcili iclasını çağırıb. Rusiyanın İtaliyadakı səfirliyi də məsələyə münasibət bildirərək Kiyevin hərəkətləri ilə bağlı İtaliya ictimaiyyətinin narahatlığını bölüşdüyünü açıqlayıb.
Qeyd olunur ki, Zelenski sonradan Liviyadakı əməliyyatın tərəfdaşlara əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirildiyini etiraf edib. Onun üzrxahlığı gərginliyi müəyyən qədər azaltsa da, Romanın təhlükəsizliklə bağlı narahatlıqlarını tam aradan qaldırmayıb.
Məlumata görə, Meloni NATO-nun cənub cinahının müdafiəsini gücləndirmək və Aralıq dənizi hövzəsində qeyri-sabitliyin dərinləşməsinin qarşısını almaq niyyətindədir. Bu məqsədlə o, bazar ertəsi Prezident Sercio Mattarellanın sədrliyi ilə keçiriləcək İtaliya Ali Müdafiə Şurasının iclasında iştirak edəcək.