Türkiyənin İstanbul şəhərində yağan güclü yağış Çatalca rayonunun Karamandere məhəlləsində sel və subasmaya səbəb olub.
DHA agentliyinə istinadən, ətraf ərazilərdə çayın məcrasından çıxması nəticəsində küçəni su basıb, bir neçə avtomobil su altında qalıb.
Sel səbəbindən ərazidə köməksiz vəziyyətdə qalan 32 nəfər Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) və yanğınsöndürənlərin əməkdaşları tərəfindən xilas edilib.
İstanbul valisi Davut Gülün sözlərinə görə, hazırda ərazidə köməksiz vəziyyətdə qalan şəxs yoxdur. Şəhərin digər məhəllələrindən də vaxtaşırı müraciətlər daxil olur və aidiyyəti qurumlar hadisələrə müdaxilə edirlər.
Davut Gül hadisə nəticəsində ölən və yaralanan olmadığını vurğulayıb. O, gələcəkdə güclü yağışlar zamanı oxşar problemlərin qarşısını almaq üçün infrastruktur tədbirlərinin görüləcəyini də bildirib.