İranda ABŞ dollarının məzənnəsi tarixi maksimuma yüksəlib

İranda sərbəst valyuta bazarında ABŞ dollarının məzənnəsi rekord həddə çatıb. Belə ki, bir dolların dəyəri 3 milyon İran rialını ötərək 3 milyon 47 min rial səviyyəsinə yüksəlib.

Bu barədə TGJU platformasının məlumatında bildirilib.

Məlumata görə, dollar bazar günü keçirilən ticarət zamanı tarixi maksimumunu yeniləyib. Yerli vaxtla saat 12:40 radələrində rialın dəyəri rekord səviyyədə ucuzlaşıb. Saat 13:56-da isə bir dollar 2 milyon 989 min 808 rialdan satılıb.

Qeyd olunur ki, rəsmi məzənnə üzrə bir ABŞ dolları təxminən 1,96 milyon rial təşkil edir.

Son bir həftə ərzində sərbəst bazarda dollar 12 faiz, son altı ayda 71 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 158 faiz bahalaşıb.