Pakistan Səudiyyə Ərəbistanına hərbçilər göndərib

Pakistan Yaxın Şərqdə gərginliyin artması fonunda Səudiyyə Ərəbistanına hərbi qulluqçular göndərib.

Bu barədə Pakistan Müdafiə Nazirliyinin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, hərbçilərin yola salınması mərasimində Pakistanın müdafiə naziri Məhəmməd Asif, Səudiyyə Ərəbistanının Pakistandakı səfiri Raceh Tami Əlbuqami, Pakistan ordusunun Baş qərargah rəisi general-leytenant Ömər Əhməd Buxari və Lahor korpusunun komandanı general-leytenant Məhəmməd Ömər Bəşir iştirak ediblər.

Pakistan hakimiyyəti qoşunların yerləşdirilməsinin ölkənin Səudiyyə Ərəbistanının təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsinə sadiqliyini nümayiş etdirdiyini bildirib.

Qeyd olunub ki, hərbi qulluqçular krallıq ərazisində qarşıya qoyulan tapşırıqları razılaşdırılmış öhdəliklər və müdafiə sahəsində əməkdaşlıq haqqında qüvvədə olan saziş çərçivəsində yerinə yetirəcəklər.

Missiyanın yaranmış təhlükəsizlik təhdidləri fonunda Səudiyyə Ərəbistanının müdafiə imkanlarının gücləndirilməsinə yönəldiyi vurğulanıb.