Fernando Muslera karyerasını başa vurdu: "Qalatasaray"dan vida mesajı

Uruqvaylı qapıçı Fernando Muslera 22 illik futbolçu karyerasını başa vurub.

"Haber Global" telekanalına istinadən, 40 yaşlı qolkiper Libertadores Kubokunun finalından sonra futbolla vidalaşmaq qərarını açıqlayıb.

Futbola "Montevideo Uonderers"də başlayan Muslera daha sonra "Nasyonal" və "Latsio" klublarında çıxış edib. 2011-ci ildə İtaliya təmsilçisindən "Qalatasaray"a transfer olunan qapıçı İstanbul klubunda 14 mövsüm forma geyinib.

Uruqvayın paytaxtı Montevideoda keçirilən Libertadores Kubokunun finalında "Palmeyras"a məğlub olan "Estudiantes"in qapıçısı Muslera matçdan sonra karyerasını bitirdiyini təsdiqləyib. O, bu qərarı daha əvvəl klub rəhbərliyi ilə müzakirə etdiyini bildirib:

"Karyeramın sonudur. Bu barədə artıq danışılırdı, amma mən təsdiqləməmişdim. Bu gün sonuncu günüm idi. Rəhbərliklə danışmışdım. Bir az əvvəl bütün komanda yoldaşlarıma ayrı-ayrılıqda təşəkkür etdim. Hər kəsə çox minnətdaram".

"Qalatasaray" Fernando Muslera ilə bağlı paylaşım edərək ona təşəkkür edib.

"Bəzi adlar var ki, onlar yalnız meydandakı çıxışları və qazandıqları kuboklarla deyil, təmsil etdikləri dəyərlərlə də tarixə düşürlər. Nando, sən "Qalatasaray" tarixinin ən böyük qapıçılarından biri olmaqla yanaşı, bu böyük ailənin unudulmaz üzvünə çevrildin" , - deyə klubun paylaşımda bildirilib.

Muslera "Qalatasaray"dakı çıxışı ərzində ümumilikdə 19 kubok qazanıb. Muslera həmçinin "Qalatasaray" tarixində ən çox titul qazanan əcnəbi futbolçu və Türkiyə Superliqasında ən çox oyun keçirən əcnəbi futbolçu rekordlarının sahibidir.