ABŞ İranda yeni gizli obyektin inşa edildiyini açıqladı

İran ölkənin iki əsas nüvə mərkəzi – İsfahan və Natanz arasında yerləşən, dəqiq yeri açıqlanmayan ərazidə yeni gizli obyekt inşa edir.

Bu barədə Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu (ISIS) yeni peyk görüntülərinin təhlilinə istinadla "X" sosial şəbəkəsində məlumat yayıb.

Ekspertlərin məlumatına görə, Tehran Behcatabad yaşayış məntəqəsi yaxınlığında, yerin dərinliklərində yerləşən obyektin ətrafında mühafizə hasarı çəkməyə başlayıb. Obyekt hər iki nüvə kompleksindən təxminən 65 kilometr məsafədə yerləşir. Natanz İranda məlum olan uranın zənginləşdirilməsi mərkəzləri arasında ən böyüyü hesab olunur.

Martın 21-də İran Atom Enerjisi Təşkilatı İsrail və ABŞ hərbçilərinin İranın Natanz şəhərindəki nüvə obyektinə zərbə endirdiyini açıqlayıb. Söhbət Şəhid Əhmədi Rövşən adına uranın zənginləşdirilməsi kompleksindən gedir.

Açıqlamada radioaktiv material sızmasının baş vermədiyi və insanlar üçün heç bir təhlükənin olmadığı bildirilib. Təşkilat vurğulayıb ki, bu zərbə beynəlxalq nüvə təhlükəsizliyi normalarına ziddir.

Bundan əvvəl İran hakimiyyəti ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxması ehtimalını gündəmə gətirib.