İran Tehrana qarşı təhlükə yaranacağı təqdirdə dünyanın istənilən ölkəsində yerləşən hədəflərə zərbə endirəcəyini bəyan edib.
Bu barədə İranın “Xatəm əl-Ənbiya” hərbi komandanlığının Mərkəzi Qərargah rəisinin müavini Keyumərs Heydəri xəbərdarlıq edib. Onun sözlərini “Fars” agentliyi yayıb.
Heydəri bildirib ki, dünyanın hansı ölkəsində yerləşməsindən asılı olmayaraq, İrana qarşı təhlükənin formalaşdığı istənilən məkan Tehran üçün qanuni hədəf hesab olunacaq.
“Bizim üçün təhlükənin yarandığı istənilən yer, dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq, qanuni hədəf olacaq və vurulacaq”, – deyə o bildirib.
Bundan əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfazl Zöhrəvənd ABŞ-nin Tehranın irəli sürdüyü şərtləri qəbul etməyəcəyi təqdirdə ölkəsinin müharibəyə tam hazır olacağını açıqlamışdı.
Deputatın sözlərinə görə, İranla yeni müharibə ABŞ-yə danışıqlar zamanı Tehrana təklif edilən şərtlərdən daha baha başa gələcək.