Azərbaycanda əczaçılıq məhsulları üzrə idxal xərclərinin artması dərman bazarının xarici təchizatdan asılılığı və qiymət dəyişikliklərinin iqtisadi təsirləri məsələsini yenidən gündəmə gətirir. İdxal olunan məhsulların həcmi ilə onların dəyəri arasındakı fərq isə bu sahədə baş verən proseslərin səbəbləri, yerli istehsalın imkanları və dərman təminatının iqtisadi dayanıqlılığı barədə suallar yaradır.
Maraqlıdır, Azərbaycanda əczaçılıq məhsullarının idxalına çəkilən xərclər artdığı halda, ölkəyə gətirilən məhsulların fiziki həcmi azalır. Bu mənzərəni hansı iqtisadi amillərlə izah etmək olar?
İdxaldan yüksək asılılığın davam etməsi dərman bazarında qiymət və təchizat risklərini nə dərəcədə artırır və yerli əczaçılıq istehsalının genişləndirilməsi bu asılılığın azaldılmasında real iqtisadi çıxış yolu ola bilərmi?
Mövzu ilə bağlı Moderator.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlama verib.
İqtisadçı bildirib ki, Azərbaycanda əczaçılıq məhsullarının idxalına çəkilən xərclərin artması, eyni zamanda idxalın fiziki həcminin azalması ilk növbədə dərmanların bahalaşması ilə əlaqədardır:
"Bu, həm beynəlxalq bazarlarda dərman istehsalı üçün istifadə olunan xammalın və komponentlərin qiymətinin artması, həm logistika və daşınma xərclərinin yüksəlməsi, həm də valyuta məzənnələri ilə bağlı amillərlə izah olunur.
Digər tərəfdən, idxal strukturunda daha bahalı və yüksək texnologiyalı dərmanların payının artması da ümumi idxal dəyərini yüksəldir. Yəni ölkəyə əvvəlkindən az miqdarda dərman gətirilsə də, buna daha çox vəsait xərclənir.
İdxaldan yüksək asılılıq dərman bazarını xarici bazarlarda baş verən qiymət dəyişikliklərinə və təchizat problemlərinə həssas edir. İstehsalçı ölkələrdə yaranan iqtisadi çətinliklər, ixrac məhdudiyyətləri, logistika problemləri və beynəlxalq bazarlarda qiymət artımları Azərbaycanda da dərmanların bahalaşmasına və bəzi preparatların tapılmasında çətinliklərə səbəb ola bilər. Xüsusilə həyati əhəmiyyətli dərmanların idxaldan asılı olması bu riski daha da artırır.
Yerli əczaçılıq istehsalının genişləndirilməsi isə bu asılılığın azaldılması üçün real iqtisadi imkan yarada bilər. Ancaq bunun üçün sadəcə dərman zavodlarının tikilməsi kifayət deyil. Müasir texnologiyaların tətbiqi, xammal təminatının yaradılması, keyfiyyətə nəzarət, elmi tədqiqatlara investisiya və ixtisaslı kadr hazırlığı vacibdir.
İlk mərhələdə daha çox tələbat olan, istehsalı nisbətən əlçatan dərmanların ölkə daxilində istehsalına üstünlük vermək olar. Bununla yanaşı, bütün dərmanları yerli istehsalla əvəz etmək real deyil. Xüsusilə mürəkkəb və yüksək texnologiyalı preparatların idxalına ehtiyac qalacaq.
Əsas məqsəd idxalı tamamilə dayandırmaq deyil, yerli istehsalın hesabına xarici təchizatdan asılılığı azaltmaq, bazarda rəqabəti gücləndirmək və dərman təminatının dayanıqlılığını artırmaq olmalıdır".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor