Ukrayna Krım körpüsünün tamamilə məhv edilməsi məqsədilə yeni zərbələr endirməyi planlaşdırır.
Bu barədə “The Telegraph” nəşri məlumatlı hərbi mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbəti bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski körpünün tamamilə dağıdılmasını istəyir və hərbi komandanlığa keçidin qalan hissəsinin məhv edilməsi barədə tapşırıq verib.
Məlumata görə, noyabrın 18-də Ukrayna pilotsuz uçuş aparatları və qanadlı raketlərlə körpüyə zərbələr endirib. Hücum nəticəsində dördzolaqlı avtomobil yolunun bir hissəsi və onu saxlayan tağ Kerç boğazına uçub.
Ukrayna kəşfiyyatının məlumatına əsasən, “Neptun” raketləri keçidin dəmir yolu hissəsinə də ciddi ziyan vurub.
“The Telegraph” yazır ki, əməliyyat 11 müxtəlif silah sisteminin tətbiqini əhatə edib və körpə ətrafında Rusiya müdafiəsini zəiflətməyə yönəlmiş yeddimərhələli kampaniyanın son mərhələsi olub.
Hücumda “Neptun” raket kompleksləri ilə təchiz edilmiş Ukrayna Hərbi Dəniz Qüvvələrinin raket briqadası iştirak edib. Növbəti gecə isə dəmir yolu aşırımına yenidən zərbə endirilib.