Bu ölkə kanalizasiya suyundan içməli su hazırlayacaq

Cənubi Afrikanın Keyptaun şəhərində quraqlıq təhlükəsinə qarşı kanalizasiya sularından içməli su istehsal edilməsi nəzərdə tutulur.

Bu məqsədlə şəhər rəhbərliyi yeni su təmizləyici qurğunun tikintisi üçün tender prosesinə başlayıb.

2018-ci ildə su anbarlarında səviyyənin kritik həddə düşməsi səbəbindən Keyptaun şəhəri su təchizatının tamamilə dayandırılması təhlükəsi ilə üzləşmişdi. Həmin vaxt şəhərdə “Sıfır gün” adlandırılan və kranlardan suyun verilməsinin dayandırılmasını nəzərdə tutan ssenarinin reallaşması gözlənilirdi. Şəhər rəhbərliyi genişmiqyaslı su məhdudiyyətləri hesabına bu təhlükənin qarşısını alsa da, baş verənlər su ehtiyatlarının yalnız su anbarlarından asılı olmasının risklərini üzə çıxarıb.

Bu səbəbdən Keyptaun bələdiyyəsi gələcək quraqlıqlara hazırlıq məqsədilə Faure ərazisində yeni su istehsalı layihəsini həyata keçirməyə hazırlaşır. Gündə 100 milyon litrə qədər içməli su istehsal ediləcək Faure Yeni Su Layihəsi çərçivəsində təmizlənmiş kanalizasiya sularından gündə 70-100 milyon litr içməli su əldə edilməsi planlaşdırılır. Yeni qurğu mövcud Faure su təmizləyici stansiyasının yaxınlığında inşa ediləcək. Bələdiyyənin planına əsasən, istehsal olunan suyun şəhərin ümumi su təchizatı şəbəkəsinə verilməsinə 2030-2031-ci maliyyə ilində başlanılacaq.

Kanalizasiya suyu hansı mərhələlərdən keçəcək?

Layihəyə əsasən, Zandvliet təmizləyici qurğusunda ilkin emaldan keçirilən tullantı suları boru xətləri vasitəsilə Faure ərazisinə nəql ediləcək. Burada su əvvəlcə ozonlaşdırılacaq, daha sonra bioloji təmizləmə və dənəvər aktiv karbon filtrlərindən keçiriləcək. Növbəti mərhələdə ultrafiltrasiya və ultrabənövşəyi işıq vasitəsilə qabaqcıl oksidləşmə prosesi tətbiq olunacaq. Təmizlənmiş su su anbarlarından əldə edilən su ilə qarışdırılacaq. Şəhərin su təchizatı şəbəkəsinə ötürülməzdən əvvəl qarışıq Faure stansiyasında yenidən təmizlənəcək. Layihə özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək Bələdiyyə şurasının prinsipial razılıq verdiyi layihə dövlət-özəl tərəfdaşlığı modeli əsasında reallaşdırılacaq.

Seçiləcək şirkət qurğunun maliyyələşdirilməsi, layihələndirilməsi, tikintisi və müəyyən müddət ərzində istismarı ilə məşğul olacaq. Bununla belə, infrastrukturun mülkiyyəti bələdiyyənin balansında qalacaq. Tenderin ilkin mərhələsində iştirakçı şirkətlərin texniki imkanları və layihəni həyata keçirmək üçün uyğunluğu qiymətləndiriləcək. İlkin seçimdən keçən şirkətlərdən isə 2027-ci ilin ikinci yarısında ətraflı təkliflərin alınması planlaşdırılır.