Böyük Britaniya Ukraynanın dağıtdığı Krım körpüsünün son peyk görüntülərini yayımladı...-FOTO

Böyük Britaniyanın hərbi kəşfiyyatı Ukraynanın zərbələrindən sonra zədələnən Krım körpüsünün yeni peyk görüntülərini yayımlayıb.

Bu haqda “Korrespondent” nəşrinə istinadla xəbər verilir.

Məlumata görə, noyabrın 16-19-da həyata keçirilən hücumlardan sonra körpünün vəziyyətini əks etdirən görüntülər noyabrın 22-də çəkilib. Peyk şəkilləri Avropanın müdafiə və kosmik texnologiyalar şirkəti olan “Airbus Defence and Space” tərəfindən əldə edilib.

Görüntülərdə körpünün avtomobil yolu hissəsinin bir bölümünün dağıldığı, dəmir yolu hissəsinin isə zədələndiyi görünür.

Peyk görüntülərində, həmçinin Rusiya ordusuna məxsus iki ədəd “Pantsir-S1” hava hücumundan müdafiə sistemi qeydə alınıb. NATO təsnifatına əsasən, “SA-22” “Greyhound” adlandırılan bu sistemlər körpünün dənizə uçmuş hissəsindən təxminən 2,4 kilometr cənubda yerləşir.

Vurulma zamanı ilk görüntülər...

Britaniya kəşfiyyatının qiymətləndirməsinə görə, körpünün müdafiəsi üçün görülən genişmiqyaslı tədbirlərə baxmayaraq, Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın zərbəsinin qarşısını ala bilməyib.

Qeyd edək ki, noyabrın 16-dan etibarən Krım körpüsünə bir neçə hücum həyata keçirilib. Zərbələr nəticəsində körpünün bəzi konstruksiyaları dağılıb və regionda logistika imkanları çətinləşib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, əməliyyat zamanı müdafiə qüvvələri “Palyanitsa” və “Ruta” pilotsuz uçuş aparatlarından, eləcə də “Neptun” və “Flamingo” raketlərindən istifadə edib.

S.Laçın