Daha bir keçmiş icra başçısı məhkəmə qarşısına çıxarılıb

Balakən rayonunun keçmiş icra başçısı, 1 il 1 aydır həbsdə olan İslam Rzayev noyabrın 27-də məhkəmə qarşısına çıxarılıb. O, Şəki Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

61 yaşlı İ.Rzayevin işinə onun müavini olmuş, eyni zamanda, YAP-ın Balakən Rayon Təşkilatının sədri işləmiş Azad Balayevlə birlikdə baxılır.

14 il icra başçısı vəzifəsində çalışmış İ.Rzayev külli miqdarda mənimsəmə, cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar verilib. İstintaq dövründə onun özünə və yaxınlarına məxsus Bakıda yerləşən bir neçə mənzilin, bağ evlərinin, avtomobillərin, qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyulub.

A.Balayevə qarşı isə yalnız rüşvət ittihamı irəli sürülüb.

Noyabrın 27-də məhkəmənin ilkin hazırlıq iclasında həm Rzayevin, həm də Balayevin vəkilləri onların hökm çıxarılanadək ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar. Vəkillər vurğulayıb ki, heç birinin məhkəmədən yayınmaq niyyəti yoxdur, indiyədək dövlət qarşısında xidmətləri olub və s.

Lakin Xaliq Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Onlar məhkəmə prosesinin qapalı keçirilməsini istəyiblər. Bu barədə də vəsatət qaldırıblar. Lakin bu vəsatətə də “yox” deyilib.

Dekabrın 11-də keçiriləcək məhkəmə iclasında prokuror keçmiş icra başçısı və YAP-ın Balakən Rayon Təşkilatının sabiq sədri haqqında ittiham aktını elan edəcək.

Xatırlatma

2011-2025-ci illərdə Balakən rayon İcra Hakimiyyətinin başçısı olmuş İslam Rzayev ötən ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub. DTX-nın yaydığı açıqlamada iddia olunur ki, o, icra başçısı vəzifəsində çalışdığı dövrdə büdcədən işsiz, aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti, abadlıq-quruculuq işlərinə ayrılmış vəsaitləri mənimsəməsinə, vəzifəli şəxslərdən və iş adamlarından rüşvət almasına əsaslı şübhələr yaranıb.

Azərbaycanda icra başçılarının həbs dalğası, əsasən, 2019-cu ilin dekabrından başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarında DTX oxşar əməliyyatlar keçirmişdi. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında davam edib. Onlar da mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla həbs ediliblər. Bəziləri tam, bəziləri də qismən ittihamları rədd edib.

Həbs olunan keçmiş icra başçılarından ikisi vəfat edib. Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev 2021-ci ildə Gəncədəki modul tipli xəstəxanada COVID-19-dan həyatını itirib. Daha biri – Yevlaxın sabiq icra başçısı Qoca Səmədov isə azadlığa çıxandan təxminən 5 ay sonra vəfat edib. O, həbsdə olduğu müddətdə də 3 dəfə əməliyyat keçirmişdi.

Cəzalandırılmış icra başçılarından dördü azadlığa çıxıb. Onlardan üçü vaxtından əvvəl həbsdən buraxılıb.