Özbəkistanın Əndican şəhərində keçirilən TÜRKSOY Daimi Şurasının 43-cü iclasında 2028-ci ilin Türk dünyasında Çingiz Aytmatov ili, Qırğızıstanın Talas şəhərinin isə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi barədə qərar qəbul olunub.
Bu barədə TÜRKSOY-un baş katibi Sultan Raev sosial şəbəkə hesabında məlumat verib.
Qərar Çingiz Aytmatovun 2028-ci ildə qeyd olunacaq 100 illik yubileyi ilə əlaqədardır. Görkəmli qırğız yazıçısının əsərləri dünyanın bir çox dilinə tərcümə olunub və o, yaradıcılığı ilə qırğız xalqının mədəniyyətini beynəlxalq səviyyədə tanıdıb.
Talas şəhərinin mədəniyyət paytaxtı seçilməsi isə bölgənin tarixi irsinin, milli dəyərlərinin və turizm imkanlarının tanıdılmasına töhfə verəcək.
İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan nümayəndələri də iştirak ediblər. Toplantıda Türk dünyası ölkələri arasında mədəni və humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.