ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampın Ukraynanın Oleşki şəhərində atəşkəsin əldə edilməsindəki rolunu nəzərə alaraq, onun Amerikanı danışıqlarda təmsil edə biləcəyini söyləyib.
O, ABŞ-nin birinci xanımının çox yaxşı işlər gördüyünü bildirib.
Donald Trampın sözlərinə görə, Melaniya Ukrayna ilə Rusiya arasında atəşkəsə nail olub və cəbhə bölgəsini tərk edə bilməyən 800-dən çox insanın təxliyəsi mümkün olub:
“Bilmirəm, bəlkə də ona ölkəmiz adından danışıqlar aparmağı həvalə etmək lazımdır. O, yaxşı bir atəşkəsə nail oldu. Çox sayda insan (işğal altındakı ərazilərdən – red.) çıxa bildi. Bu, yaxşı nəticədir”.
ABŞ Prezidenti Melaniya Trampın birinci xanım vəzifəsini çox yaxşı yerinə yetirdiyini də vurğulayıb.
Xatırladaq ki, oktyabrın 27-dən noyabrın 1-dək Melaniya Trampın vasitəçiliyi ilə Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsi üçün müəyyən edilmiş ərazidə atəşkəs rejimi tətbiq olunub. ABŞ-nin birinci xanımı bundan sonra Ağ Evdə Rusiya və Ukraynanın nümayəndələri ilə görüş keçirib.