Moskvanın yeni geosiyasi xətti: Putin mətbuat konfransında nəyi bəyan edəcək?

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi böyük mətbuat konfransı dekabrın 10-da keçiriləcək.

“Bu mətbuat konfransına marağın yüksək olmasının əsas səbəbi onun Rusiyanın həm xarici siyasət, həm də Ukrayna müharibəsi baxımından kifayət qədər həssas mərhələyə daxil olduğu bir dövrə təsadüf etməsidir. Xüsusilə Putin, Donald Tramp və Si Cinpin arasında keçirilən üçtərəfli görüşdən sonra, eləcə də Krım körpüsünə endirilən zərbələr fonunda Rusiya liderinin hansı mesajları verəcəyi diqqət mərkəzində olacaq.Məncə, bu mətbuat konfransında bir neçə əsas istiqamət üzrə mesajların səsləndirilməsi gözləniləndir.

Birincisi, Ukrayna müharibəsi və Rusiyanın bundan sonrakı hərbi-siyasi strategiyası. Krım körpüsünə endirilən zərbələr Moskva üçün təkcə hərbi və logistik məsələ deyil, həm də siyasi və simvolik əhəmiyyət daşıyır. Putin artıq bu hücumlara cavab veriləcəyini və cavabın daha ağrılı olacağını bəyan edib. Buna görə də dekabrın 10-da keçiriləcək tədbirdə Rusiyanın hansı formada cavab verəcəyi, müharibənin növbəti mərhələsində hansı strategiyanı seçəcəyi ilə bağlı əlavə mesajların verilməsi mümkündür. Bununla yanaşı, Putin Rusiyanın hərbi məqsədlərindən geri çəkilməyəcəyini və Moskvanın şərtləri qəbul edilmədən müharibənin dayandırılmasının mümkün olmadığını bir daha vurğulaya bilər.

İkincisi, ABŞ-la münasibətlər və Tramp administrasiyası ilə aparılan danışıqlar. Putin, Tramp və Si Cinpin arasında keçirilən üçtərəfli görüşdən sonra Vaşinqton-Moskva münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi xüsusi maraq doğurur. Burada əsas məsələ Ukrayna müharibəsinin həlli ilə bağlı tərəflərin mövqelərinin nə dərəcədə yaxınlaşmasıdır. Putin Trampın vasitəçilik səylərinə münasibətini açıqlaya, eyni zamanda ABŞ-la münasibətlərin normallaşması üçün Moskvanın gözləntilərini ortaya qoya bilər. Ancaq hesab edirəm ki, Rusiya lideri bu məsələdə konkret güzəştlər və ya razılaşmalar barədə açıq danışmağa tələsməyəcək. Daha çox Kremlin mövqeyinin güclü olduğunu göstərməyə çalışacaq.

Üçüncüsü, Çinlə münasibətlər və yeni geosiyasi düzən məsələsi. Üçtərəfli görüşün özü göstərdi ki, beynəlxalq münasibətlər sistemində böyük güclər arasında yeni dialoq formatları formalaşır. Putin bu konfransdan istifadə edərək Rusiyanın beynəlxalq təcrid vəziyyətində olmadığını, Çinlə strateji tərəfdaşlığın davam etdiyini və Moskvanın qlobal proseslərdə söz sahibi olduğunu nümayiş etdirməyə çalışa bilər. Bu, həm Qərbə, həm də Rusiyanın daxili auditoriyasına ünvanlanan mesaj olacaq.

Dördüncüsü, Rusiyanın daxili iqtisadi və sosial vəziyyəti. Unutmaq olmaz ki, bu tədbir yalnız beynəlxalq siyasətlə bağlı deyil. “Birbaşa xətt” formatında Rusiya vətəndaşlarının sualları da cavablandırılır. Müharibənin iqtisadiyyata təsiri, inflyasiya, qiymət artımı, sosial təminat, hərbi xərclər və insanların gündəlik problemləri diqqət mərkəzində olacaq. Putin burada iqtisadi çətinlikləri Qərbin sanksiyaları ilə əlaqələndirə və ölkənin mövcud vəziyyətə davam gətirdiyini göstərməyə çalışa bilər.

Mənim qənaətimcə, bu mətbuat konfransının ən mühüm tərəfi Putinin müharibə və sülh məsələsində hansı siyasi xətti təqdim edəcəyidir. Çünki hazırda bir tərəfdən ABŞ-ın vasitəçilik təşəbbüsləri, digər tərəfdən Ukraynanın Rusiyanın arxa cəbhəsinə və strateji obyektlərinə hücumları, eləcə də Moskvanın sərt ritorikası paralel şəkildə davam edir. Belə bir şəraitdə Putin həm danışıqlara açıq görünmək, həm də Rusiyanın mövqeyində geri çəkilməyəcəyini nümayiş etdirmək məcburiyyətindədir.

Rusiya liderinin ənənəvi olaraq bu formatdan siyasi mesajlar vermək, beynəlxalq ictimaiyyətə öz mövqeyini çatdırmaq və ölkə daxilində müəyyən gözləntiləri formalaşdırmaq üçün istifadə etdiyini nəzərə alsaq, dekabrın 10-da səsləndiriləcək fikirlər Moskvanın 2027-ci il üçün siyasi və geosiyasi prioritetlərini anlamaq baxımından da əhəmiyyətli olacaq”.