Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Batumidə “Beşiktaş” azarkeşlərinin iştirakı ilə baş verən insidentdən sonra klubun prezidenti Sərdal Adalı ilə telefonla danışıb.
Bu barədə “Türkiye Today” məlumat yayıb.
Ərdoğan hadisələrin gedişatını diqqətlə izlədiyini bildirib. “Beşiktaş” rəhbərliyi isə diqqət və dəstəyinə görə Türkiyə Prezidentinə təşəkkür edib.
İnsident Batumidə “Beşiktaş”ın İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə qarşılaşması zamanı baş verib. Gürcüstan polisi Fələstin bayrağı və Fələstinə dəstək plakatı açan Türkiyə azarkeşlərinə müdaxilə edib.
Məlumata görə, hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Bir neçə azarkeş xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə səbəbindən qarşılaşma təxminən yarım saat dayandırılıb.
İnsidentdən sonra Türkiyənin aparıcı futbol klubları – “Qalatasaray”, “Fənərbağça” və “Trabzonspor” “Beşiktaş”a dəstək ifadə ediblər. Onlar Gürcüstan polisinin müdaxiləsini pisləyərək azarkeşlərə qarşı qeyri-mütənasib güc tətbiqinə etiraz ediblər.